“Buna Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlət başçısı imkan verməyəcək"
Prezident İlham Əliyev yerli telekanallara növbəti müsahibəsində Dağlıq Qarabağ münaqişənin həllində vasitəçilik missiyanı icra edən ATƏT-in Minsk Qrupunun fəaliyyətini yararsız sayıb. Və ölkə başçısı buna dair detallı dəlillər irəli sürüb. Eyni zamanda, işğalçı Ermənistanın və erməni lobbisinin məkirli siyasətini əsaslı arqumentlərlə ifşa edib.
Mənfur qonşularımızı ksenofobiya və Azərbaycanfobiyada ittiham edən Prezident qeyd edib ki, Ermənistan rəhbərliyi yeritdiyi bu siyasətlə ölkəni hər şeydən təcrid edərək aciz duruma salıb.
Ölkə rəhbərinin müsahibəsini "Sherg.az"a şərh edən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Prezident son dərəcə əhatəli və məzmunlu çıxışı ilə ölkəmizdə və dünyamızda baş verənlərin mənzərəsini bir daha gözlər önünə sərdi. Bununla da Azərbaycan insanına növbəti dəfə stimul və ümid verdi:
"Konkret məsələyə keçməzdən öncə onu deyim ki, Prezident İlham Əliyevin diqqət yönəltdiyi məsələlərin hər biri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Dünyada yaşanan maliyyə böhranı, neftin ucuzlaşmasına rəğmən koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın fəaliyyətə başlaması ölkəmizin iqtisadi gücünün və vətəndaşlara verilən dəyərin əyani göstəricisidir.
Biz pandemiya ilə mübarizə çərçivəsində ölkə prezidentinin doğrudan da hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunun şahidi olduq. Ümid edirəm ki, koronavirusla mübarizə çərçivəsində həyata keçirilən bu tədbirlər tezliklə müsbət nəticəsini verəcək. Xalqımız bu dəhşətli bəladan birdəfəlik xilas olacaq. Bunun üçün də hər bir Azərbaycan vətəndaşı özünün sosial məsuliyyətini dərk edərək bu məşəqqətli yolda dövlətə dəstək olmalıdır".
Müsahibə zamanı dövlət başçısının Ermənistandakı antidemokratik və antibəşəri addımlarının beynəlxalq aləm, xüsusən də ATƏT tərəfindən görməzdən gəlinməsi ilə bağlı çıxışına gəldikdə isə millət vəkili hesab edir ki, prezidentin bəyan etdiyi fikirlər tamamilə, haqlı ittihamlar və haqlı suallardır:
"Gecə-gündüz demokratiyadan, insan haqlarından danışan, hər fürsətdə və haqsız şəkildə Azərbaycanın üzərinə hücum etməyə, onun imicinə və nüfuna xələl gətirməyə çalışan beynəlxalq təşkilatlar Avropa Şurası, ATƏT və digərləri, onların məruzəçiləri bunlara cavab versələr, yaxşı olar. Ancaq həmin təşkilatlar cavab verməkdə maraqlı deyillər, onları haqq-ədalət maraqlandırmır.
Məlum qurumları ancaq öz dar, cılız, çirkli, kirli oyunları maraqlandırır. Onlar üçün elan etdikləri dəyərlər və prinsiplər, sadəcə, görüntüdür. Əgər belə olmasaydı, çoxdan Ermənistanın layiqli cavabını və cəzasını verərdilər. Ancaq onlar bilsinlər və unutmasınlar ki, nə edirlər-etsinlər, heç nəyə nail ola bilməyəcəklər.
Azərbaycanın tutduğu haqq yolundan, haqq mübarizəsindən və inkişaf xəttindən çəkindirə bilməyəcəklər. Buna Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlət başçısı imkan verməyəcək".