“İşğalçı ölkə rəhbərliyinin yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır”
“Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir"
Ermənistan ordusu dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və erməni ordusu itki verərək geri otuzdurulub. Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.
Dövlət sərhəddində baş verən gərginliyi növbəti erməni təcavüzü kimi şərh edən millət vəkili Tamam Cəfərova "Sherg.az"a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırıb.
Deputat sərhəddə baş verən təxribatın əsas səbəbini həmsədrlərin fəaliyyətsizliyi, öz vəzifələrinin öhdəsindən gələ bilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məhz həmsədrlərin işğalçını indiyə kimi öz adıyla adlandırmaması, onun mövqeyini tənqid etməkdən, ona təzyiq göstərməkdən çəkinməsi, işğalçının beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə adekvat cavab verilməməsi və Ermənistanın təxribatçı davranışlarına seyrçi mövqedə qalması işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradıb:
"Əslində, məhz bu təxribatçı addımlarla bağlı Ermənistana vaxtında xəbərdarlıq olunmalı, işğalçı bu təxribatına görə cavabdehlik daşıdığını dərk etməli idi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, faktiki olaraq danışıqlar prosesi getmir, vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gələ bilmir. Hazırkı dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir".
Tamam Cəfərova hesab edir ki, cənab Prezidentin “heç kimin Aprel döyüşləri yadından çıxmasın!” bəyanatı işğalçı Ermənisatana və fəaliyyətsiz beynəlxalq dairələrə ciddi mesaj sayılmalıdır:
"ATƏT-in Minsk Qrupu həmsədrləri ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar verməli, işğalçı Ermənistanın təxribatlarının qarşısını almalı, danışıqlar prosesini konstruktiv məcraya yönəltməlidir. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsində nəzərdə tutulan hüququna əsaslanaraq torpaqlarını hərb yolu ilə işğaldan azad edəcək.
Dünən Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumunun cavab atəşilə qarşısının alınması Azərbaycan Ordusunun gücünü bir daha göstərdi".