Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar Partiyası bəyənat yayıb.
Partityadan "Sherg.az”a verilən məlumata görə, Azərbaycan-Ermənistan sərhəddində hərbi və mülki itkilərlə müşayiət olunan hadisələr ölkədə fəaliyyət göstərən bütün vətənpərvər qüvvələr kimi Aydınlar Partiyasında da ciddi narahatlıq doğurub. Artıq döyüşlərin Dağlıq Qarabağdan kənarda getdiyinə xüsusi diqqət yetirən partiya funksionerləri hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü və Qərb sərhədlərinə çıxışlar təhdid altındadır:
"Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və konvensiyalarının müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan dövlət sərhəddini keçməyə cəhd göstərir. Bu, artıq bir qrup separatçının Qarabağda qiyamı deyil, Azərbaycana qarşı başqa dövlət tərəfindən müharibənin elan edilməsidir.
Təəssüflə qeyd edirik ki, danışıqlarda vasitəçi olan ATƏT-in Minsk Qrupu hadisələrə seyriçi qalır və Ermənistanın açıq işğalçılıq siyasətinə hüquqi qiymət vermir. Düşünürük ki, bu amili və son 28 ildə vasitəçilərin səmərəsiz fəaliyyətlərini nəzərə alaraq, Azərbaycan ATƏT –in Minsk qrupunun vasitəçilik missiyasından imtina etməlidir.
Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına görə, ölkənin öz ərazi bütövlüyünü təmin etmək hüququ var".
Aydınlar Partiyası öz bəyənatında Azərbaycanın siyasi rəhbərliyini bu hüquqdan istifadə etməyə çağırıb:
"Vətənimiz üçün bu ağır gündə bütün şəxsi və qrup maraqları arxa plana keçirilməli, yalnız ərazi bütövlüyümüz məsələsi önə çəkilməlidir.
Biz müxalifət partiyası olmağımıza baxmayaraq, bu çətin günlərdə hər kəsi vahid mərkəzdə birləşməyə və hamını Ali Baş Komandanın müharibə ilə bağlı verdiyi bütün qərarlara anlayışla yanaşmağa çağırırıq.
Bununla belə, hesab edirik ki, ölkənin ərazi bütövlüyünün qorunması naminə parlamentin fövqəladə qapalı sessiyası keçirilməli, burada sərhədlərimizdə baş verən real vəziyyət barədə məlumat verilməli və Vətənimizin bütövlüyü naminə mümkün fəsadları proqnozlaşdırmaqla, ən qətiyyətli qərarlar qəbul edilməlidir.
Ölkəmizə qarşı faktiki olaraq müharibə elan edilməsinin nəzərə alaraq, ölkədə hərbi vəziyyət və hərbi səfərbərliyin elan olunmasını tələb edirik".
Eyni zamanda Aydınlar Partiyası ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar,ictimai təşkilatlar və mediaya müraciət edərək, hamını Vətən naminə birləşməyə çağırır:
"O cümlədən, ölkədə fəaliyyət göstərən səfirliklərə və xarici təşkilatların nümayəndəliklərinə müraciət edərək, Ermənistanın işğalçılıq siyasətini və Azərbaycanın dövlət sərhədlərini ələ keçirmək cəhdlərini pisləməyə çağırıq.
Sonda isə müharibə zamanı şəhid olan hərbiçilər və mülki şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı veririk.
Vətən sağ olsun! Əminik ki, Azərbaycan torpaqları uğrunda şəhid olanların qisası alınacaq!".