“Paşinyan və komandasının diqqəti daxili problemlərdən yayındırmaq cəhdləri də istisna faktor deyil”
“Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, heç bir təxribat Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək”
Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədi ilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Ordumuzun əks hücum tədbirləri nəticəsində düşmən tərəf xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib.
Dövlət sərhədində baş verən gərginliyi şərh edən politoloq Elçin Mirzəbəyli "Sherg.az"a açıqlamasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqlayıb. Baş nazir Nikol Paşinyanın hakimiyyətə gələn kimi sərhəddin qorunmasını Daxili Qoşunlara həvalə etdiyini xatırladan politoloq hesab edir ki, o bununla guya Azərbaycan- Ermənistan sərhəddində hər hansı bir insident və təxribat olmayacağı görüntüsünü yaratmağa çalışırdı.
Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsinin məqsədyönlü xarakter daşıdığını vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır:
“Amma bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq".
Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsini şərtləndirən başqa bir səbəbi Ermənistanın dövlət sərhədlərinin ermənilər tərəfindən qorunmaması ilə bağlıdır. Bu da kifayət qədər önəmli faktorlardan biridir. Yəni Ermənistan bu həmləsi ilə üçüncü tərəfi müharibəyə cəlb etmək istəyir:
"Döyüşlərin Qarabağ cəbhəsində deyil, sərhəddə baş verməsi dövlətlərarası konflikt kimi təqdim edilir ki, burada da məqsəd yenə üçüncü tərəfin dəstəyini almaqdır".
E.Mirzəbəylinin sözlərinə görə, baş nazir Nikol Paşinyan və komandasının diqqəti daxili problemlərdən yayındırmaq cəhdləri də istisna faktor deyil. Amma Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək:
"Ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb.
Yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVID-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir iqtisadi resursu yoxdur. Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır.
Çünki pandemiya səbəbindən dünyanın bütün ölkələri diqqəti daxili sosial-iqtisadi problemlərinin həllinə yönəldiblər. Məhz bu səbəbdən Nikol öz hakimiyyətini bir ölümcül nəticədən xilas etmək üçün başqa bir ölümcül nəticəni – Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib".