İyulun 12-də Ermənistan tərəfinin Azərbaycan silahlı qüvvələrinin mövqelərini dinc əhalinin yaşadığı Tovuz rayonu istiqamətində atəşə tutaraq törətdiyi hərbi təxribatı güclü ordumuzun səyi nəticəsində geri çevrildi.
Ordumuzun gücü qarşısında aciz qalan erməni əsgərləri rəhbərliyin göstərişi ilə bu dəfə dinc əhaliyə, yaşayış məntəqələrinə atəş açmağa başladılar. Elə bununla da Ermənistan öz təcavüzkar hərəkətləri ilə beynəlxalq hüququn bütün normalarını növbəti dəfə pozmuş oldu. Lakin atışmanın və siyasi provokasiyaların davam etdiyi bu sutkalar ərzində bir sakin belə öz evlərini tərk etmədi. Bununla da hər bir Azərbaycan vətəndaşı öz dövlətinin siyasətinə, ordusunun gücünə inandığını və vətən uğrunda döyüşməyə hazır olduğunu bir daha işğalçı dövlətə çatdırmış oldu.
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin "Şərq"ə açıqlamasına görə, dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərimizi atəşə tutaraq təxribat törədən Ermənistanın bu dəfəki gözləntiləri də özünü doğrultmadı, arzuları gözlərində qaldı:
"Dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoydu. Əslində, Ermənistan hərbi bölmələrinin törətdiyi təxribat Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq, həm də ölkə daxilində mövcud olan ciddi gərginliyi azaltmaq məqsədi güdürdü.
Hamıya məlumdur ki, bu gün Ermənistan əhalisinin Paşinyan başda olmaqla hakimiyyətə etimadının itməsi dərin böhrana səbəb olub. Hazırda sosial-iqtisadi, insan hüquq və azadlıqları, siyasi resressiyalar sahəsində ciddi problemlər, ölkədə korrupsiya hallarının geniş vüsət alması, koronavirusla mübarizədə əlacsızlıq Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Digər tərəfdən, sərhəddə Ermənistanın təxribatı həmçinin Moskvanı bu hadisəyə cəlb etmək məqsədi daşıyırdı. Lakin hazırda Rusiyada öz maraqlarının icrası üçün Moskvanın Ermənistana və Paşinyana ehtiyacı olub- olmadığına dair suallar müzakirə predmetinə çevrilib. Erməni deputatlar, siyasətçilərin özləri də etiraf edirlər ki, Ermənistan rəhbərliyinin tamamilə əsassız bəyanatları və atdığı addımlar gələcəkdə ölkə üçün ciddi problemlərə səbəb olacaq".
Ermənistan tərəfindən Azərbaycanın əzəli torpaqlarının işğal edilməsi, həmin torpaqlarda dinc əhaliyə qarşı törədilən cinayətlər dəfələrlə beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin rəsmilərinin dilindən səsləndirildiyini vurğulayan E. Talışinski deyib ki, işğalçı Ermənistanın Azərbaycan torpaqlarını şərtsiz tərk etməsinə dair tələblər irəli sürülüb:
"Son olaraq da Tovuzda törədilən təxribatla bağlı beynəlxalq ictimaiyyət, dünya ölkələri öz etirazını bildirib, Ermənistanın bu addımını pislədilər. Paşinyanın dəstəyinə ümid etdiyi 120 iştirakçı dövlətin daxil olduğu Qoşulmama Hərəkatının Koordinasiya Bürosu belə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyən bir “Kommünike” qəbul etdi.
Büronun bu qərarı birmənalı olaraq Ermənistanın növbəti fiaskosudur. Son ümid yeri ABŞ-da yaşayan erməni lobbisinin maliyyələşdirdiyi ermənipərəst konqressmenlər olsa da, onların da səyləri boşa çıxdı.
ABŞ Konqresinin Qaydalar Komitəsində ilk dəfə olaraq Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişdə ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova ilə bərabər Azərbaycanın da xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməli olduğu bildirilir. Düşünürəm ki, bu qərarın verilməsində Azərbaycanda və dünyanın fərqli ölkələrində keçirilmiş orduya dəstək yürüşlərinin böyük rolu oldu.
Məhz dövlətimizin səbirlə, təmkinlə beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi uğurlu siyasəti və sadə vətəndaşından ziyalısınadək birlik nümayiş etdirib, millətimizin həmrəy olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibəyə belə hazır olduğunu nümayiş etdirən xalqımızın səyi nəticəsində dünyaya səs sala bildik.
Bundan sonra da aksiyalar, təbliğat xarakterli məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində istər xarici ölkələrdə, istər sosial şəbəkələrdə işlər aparılacaqdır".