Ukraynanın keçmiş XİN başçısı: “Rusiya təsir gücünü saxlamaq niyyətindədir”

“Bölgəyə təsirinin zəifləməsi ehtimalı rəsmi Moskvanı narahat edir”

Sizin olanı əlinizdən almaq həmişə təəssüf, nisgil doğurur. Amma həm də ədalətin bərpasına olan ümidin itmir, aldığın zərbədən təsirlənməyinə rəğmən, daha çox güclənirsən. Güclənirsən ki, sənin olanı qaytarasan.

Biz təxminən otuz il əvvəl torpaqlarımızın iyirmi faizindən çoxunu-Dağlıq Qarabağ və ətraf rayonları itirsək ki, heç vaxt bununla barışmadıq.

Səbr etdik, mübarizə apardıq. Bu günün gəlməsi üçün, necə deyərlər, dişimizi dişimizə sıxdıq. Nəhayət, səbrin bəhrəsini gördük. İtirdiyimiz dünənlər əvəzinə işıqlı, firavan sabahları qazanırıq. Əlbəttə, Azərbaycan ordusunun rəşadəti, mübarizliyi sayəsində.

 İllərdir, təkcə qardaş Türkiyə deyil, əksər dünya dövlətləri, o cümlədən də bizimtək ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən Ukrayna haqq səsimizi eşidir, işğalçı əleyhinə dövlət səviyyəsində bəyanatlar verirlər. Həmin açıqlamaların məzmunu aşağı-yuxarı hər kəsə aydındır. 
“Sherg.az” olaraq məsələ ilə daha ətraflı rəy öyrənmək üçün Ukrayna baş nazirinin sabiq müavini, keçmiş xarici işlər naziri, politoloq Konstantin Qrişenko ilə əlaqə saxladıq. O, müharibənin son variant olduğunu dedi: 

“İstənilən müharibə həm döyüşçülərə, həm də mülki şəxslərə ölüm və hədsiz əzab gətirən faciədir. Bir qayda olaraq, dövlətlərarası xarici münasibətlərin tənzimlənməsi ilə hərbi əməliyyatların qarşısı alınmalıdır.

Ancaq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün digər səylər tükəndikdə bəzən ədaləti bərpa etmək üçün BMT xartiyasında tanınmış özünümüdafiə haqqına istina etməkdən başqa yol qalmır. Tezliklə sülh yolu ilə məsələnin həllini tapmasına ümid edirəm.

Lakin daimi sülhə bir şərtlə- BMT-nin bütün işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq haqqında qətnamələrinin icrasından sonra nail olmaq mümkündür.

Dağlıq Qarabağa, ən azı, mədəni muxtariyyət verilməlidir. Və işğal altındakı torpaqların vaxtaşırı, tədricən boşaldırılmasına dair razılıq əldə olunmalıdır. Son hadisələr ədalətli və nəticəyönümlü danışıqlara başlamaqdan ötrü əlverişli şərait yaradır. Ümid edirəm, tərəflər gecikmədən bu istiqamətdə fəaliyyətə başlayacaqlar”.

K.Qrişenko geosiyasi vəziyyəti belə dəyərləndirir:

“Atəşkəsə əməl edilmir. Çünki bu, birdəfəlik həll yolunun tərkib hissəsi deyil. Avropa ölkələri hərbi əməliyyatların dərhal dayandırılmasında maraqlıdırlar.
Hərçənd, öhdəsindən gəlməli olduqları xeyli problemləri var.

Ona görə də yanaşmalarının düzgün olmadığını anladılar. Rusiya isə regiondakı satıcı rolunu oynamaqda davam etmək və təsir gücünü saxlamaq niyyətindədir.

Bölgəyə təsirinin zəifləməsi ehtimalı rəsmi Moskvanı narahat edir. Hərbi əməliyyatlar zamanı mülki əhalinin hədəfə alınması beynəlxalq hüquq normalarına görə qadağandır.

Buna əsla yol verməz. Günahsızların qətliamı barədə əmr verənlər cəzalanmalıdırlar”.