Xalqımız dünyaya nümunə olacaq zəfər əldə edib

Bu gün Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq böyük miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Elə siyasətçilər, politoloqlar, tarixçilər də belə qənaətə gəlirlər ki, bu zəfər həftəsi Azərbaycan tarixində ən mühüm tarixlərdən biridir.

Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, Ordumuz, dövlətimiz və ümumilikdə xalqımız dünyaya nümunə olacaq zəfər əldə edib:

”Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun arxasındadır. Bu birlik Vətən müharibəsində qalib gəldiyi, Qarabağı qaytardığı kimi, Qarabağa normal həyat və inkişaf gətirəcək. Xalqımız bu tarixi qələbəni sevinclə qarşıladı, ümumxalq yürüşləri ilə, Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etdi. Bu yürüşlərdə Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna alqışlar səsləndi, xalqımız bir daha öz Prezidentinin, öz ordusunun arxasında olduğunu qətiyyətlə bildirdi. Bu, böyük, tarixi və hər bir azərbaycanlıya qürür və fəxarət hissi yaşadan qələbədir və onu  lazımınca qiymətləndirmək lazımdır!”