Qayda belədir !- “Hərbi zəfərdən sonra siyasi qələbə gəlir”

“Ordumuzun hərbi zəfəri Azərbaycana həm siyasi, həm də mənəvi qələbə gətirdi”

“Ağdamın qansız-qadasız azad edilməsi hərbi qələbəninin nəticəsi olan siyasi qələbədir”

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidenti, Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan ərazilərimizin boşaldılmasını qrafik üzrə həyata keçirir. Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-də boşaldıldı. Ordumuz itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu.

Bundan sonra qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması prosesi reallaşacaq. 
Lakin son günlər ordumuzun Ermənistan üzərində çaldığı qələbənin hərbi yox, siyasi qələbə olduğuna dair iddialar səslənir. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Çünki ordumuzun siyasi qələbəni qazanmasında məhz hərbi zəfərimiz müstəsna rol oynayır.

Politoloq Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında bildirib ki, 44 günlük vətən müharibəsində Azərbaycan Ordusunun rolu danılmazdır. Analitikin sözlərinə görə, son 30 ildə ermənilər hansısa danışığa nəinki gəlmədilər, əksinə danışıqlardan qaçıb, siyasi masaya yatırmaq istədiyimiz bütün məsələləri dandılar:

“Şanlı ordumuz relyefi həddindən artıq çətin olan Şuşa şəhərinin azad etdi. Bu hadisə dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq. Ordumuzun qələbəsini kiçiltmək lazım deyil. Çünki hərbi qüvvələrimizin döyüş taktikası qeyri-adi idi. Bu taktika həmçinin siyasi qələbəmizin əsasını qoydu”.

C.Nuriyevin sözlərinə görə, döyüş meydanında hərbi qələbədən sonra siyasi qələbə gəlir:

“Hərbi qələbə bazisdir, amma siyasi qələbə onun üst fonudur. Azərbaycan Ordusunun müzəffər yürüşü ilə Ermənistan üzərində qazandığımız siyasi qələbəni bir-birindən ayırmaq mümkün deyil. Ordumuzun hərbi zəfəri Azərbaycana həm siyasi, həm də mənəvi qələbə gətirdi.

Azərbaycan xalqı cənab Prezidentdən çox şeylər istəyirdi. Amma zamanı gəlmədiyi üçün ölkə başçısı bu istəklərə cavab vermirdi.

Ali Baş Komandan zamanı gəlincə istəklərimizi yüksək səviyyədə yerinə yetirdi. Artıq hər kəs cənab Prezidentin güclü siyasətçi olduğunu birmənalı şəkildə qəbul etdi. Xalq Prezidentinə inandı və onun yanında oldu.

Bu birlik Azərbaycana hərbi qələbəni bəxş etdi. Nəticədə Azərbaycan siyasi qələbə qazandı. Ağdamın, daha sonra Ağdamın qansız-qadasız azad edilməsi hərbi qələbəninin nəticəsi olan siyasi qələbədir. Bütün hallarda ordumuz və Ali Baş Komandanımızla fəxr edirik”.