Danışıqlar periodu başladı! - “Minsk qrupu əsas mərhələdə yoxdur”

“Rusiya və Türkiyə həll prosesinə həmsədrləri daxil etməyərək razılığa gəldilər”

“Gələcəkdə Minsk qrupunun danışıqlara qoşulub- qoşulmayacağı gündəmdəki proseslərdən asılı olacaq”

“Makron regionda hələlik rəsmi Ankara və Moskvanınm həlledici rolu ilə barışmış oldu”


Tarix dünənlərdən ibarətdir. Dünənlərdə bizim 44 günlük qələbəmizin şanlı səhifələri var. Qazandığımız bu qələbə öz təsiri ilə bir çox məqamları tarixə apardı. Məsələn dövlət başçısının da dediyi kimi, artıq nə status-kvo var, nə də təmas xətti. Bəs ATƏT-in Minsk qrupu? Əslində həmin qurum “doğulduğu” ilk gündən etibarən “ölü”dür. Bəs, görəsən, bu gündən etibarən “qəbrə qoyulacaqmı”, yoxsa hələ də çırpınacaq?
 Siyasi analitik Züriyə Qarayeva bu barədə fikirlərini “Sherg.az”la bölüşüb:



 “44 günlük münaqişənin hərbi mərhələsi bitdi. Danışıqlar periodu başladı. Danışıqlar prosesinin əsas  mərhələsində isə Rusiya və Türkiyə həll prosesinə ATƏT-in Minsk Qrupunu daxil etməyərək razılığa gəldilər.

Yəni məsələni ikilikdə həll edirlər. Rusiya prezidenti Vladimir Putinin “Türkiyə ilə birgə səylərimiz regionda sülhü bərqərar edəcək”, xarici işlər naziri Sergey Lavrovun  “Türkiyə regionda real faktordur” kimi ifadələri Rusiyanın regionda maraqlarını sadəcə Türkiyə ilə bölüşdüyünün göstəricisidir.

Gələcəkdə Minsk qrupunun danışıqlara qoşulub- qoşulmayacağı gündəmdəki proseslərdən asılı olacaq. Digər tərəfdən isə Amerikada demokrat Con Baydenin hakimiyyətə gəlişi və Qafqazla bağlı fərqli ritorika aparma ehtimalı da hadisələrin istiqamətini dəyişə bilər.

Son günlərdə Fransanın Dağlıq Qarabağa müstəqillik iddialarını qaldırması faktı da Makron administrasiyasının Qarabağ münaqişəsinin həllində kənarda qalmasından irəli gəlirdi. 

Ötən gün isə o, "Beynəlxalq hüquqa görə Qarabağ BMT tərəfindən tanınan Azərbaycana məxsusdur. Suveren bir dövlətin işinə onun razılığı olmadan müdaxilə edə bilməzsiniz" bəyanatı ilə geri çəkilmişdi. Beləliklə, E.Makron regionda hələlik Türkiyə və Rusiyanın həlledici rolu ilə barışmış oldu”.