“Bunun üçün qətiyyət, uzunmüddətli hazırlıq və elmi-tarixi yanaşma lazımdır"
Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Görüş zamanı mühüm məsələlərə toxunulub. Prezident qeyd edib ki, Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır:
“Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Digər məsələ isə mədəni tarixi abidələrimizdir. Bakıda yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunsa da, ermənilər məsələyə eyni cür yanaşmayıb. Azərbaycan torpaqlarında yerləşən abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilib. Abidələrin dağıdılmasında beynəlxalq təşkilatların da məsuliyyət payı var. Lakin beynəlxalq təşkilatlar mədəni abidələrimizin dağıdılmasına reaksiya vermir. Baxmayaraq ki, ölkəmiz müstəqillik əldə etdikdən bəri bir sıra beynəlxalq təşkilatlara üzv olub.
Politoloq Tofiq Abbasov sözügedən məsələlərlə bağlı "Sherg.az"a danışıb. Onun sözlərinə görə, dünya təcrübəsinə əsaslanaraq, erməni əsilli olanlar Azərbaycan vətəndaşlığına qəbul edilə bilər, bir şərtlə ki, talançılıq mövqeylərindən əl çəksinlər:
"Erməni əsilli vətəndaşlar zorla son illər ərzində erməni vətəndaşlığına qəbul edilib. Əgər onların Azərbaycan xalqına qarşı törədilən cinayət işində “əli” yoxdursa, Azərbaycan vətəndaşı ola bilərlər. Dünya təcrübəsində də belə gedişlər olub. Digər tərəfdən Azərbaycanda onsuz da ermənilər və müxtəlif ölkələrin nümayəndələri yaşayırlar. Azərbaycan bəyan edir ki, multikulturalizm, dəyərlər dövlətin ayrılmaz hissəsidir. Biz onlarla yaşamağa hazırıq, lakin onlar separatçılıq meyllərini yaddan çıxarmalıdırlar”
T.Abbasov bəyan edib ki, ermənilərin bir qismi illərdir xaricdə yaşayır:
"Bizim ağır problemimiz ondan ibarətdir ki, ermənilər 20-30 il deyil, təxminən 100 ildir Avropada məskunlaşıblar. Onlar dağıdıcı ideyaların daşıyıcılarıdır. O qədər yalan, həqiqətə uyğun olmayan məqsədlərini yayıblar ki, bu yalan artıq işlək vəziyyətə gəlib çıxıb. 30 ilə yaxındır onların iç üzlərini ifşa edirik. Amma ermənilərin xarici çıxışları var, diaspor təşkilatları bu proseslərdə iştirak edir. Zaman-zaman lazımdır ki, onların qat salmış iftiralarını ifşa edək. Bu çox vacib məsələ olsa da, bir günün, bir ayın işi deyil.
Daim həqiqətlərimizi dünyaya çatdırmalı və onların dayaq nöqtələrini sarsıtmalıyıq. Bunun üçün qətiyyət, uzunmüddətli hazırlıq və elmi-tarixi yanaşma lazımdır".
Aygün Tahirqızı