“Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi və mədəni-humanitar inkişaf, qanunun aliliyinin qurulması və azadlıq və demokratiya prinsipləri üzərində dövlət quruculuğu istiqamətində inamla hərəkət etməyə başladı. Bir çox ölkələr üçün bu cür yanaşma təbii olsa da, qonşu Rusiyanın gözündə Ukraynanın seçdiyi vektor qəbuledilməz idi. Çünki Ukrayna dövlətçiliyinin bu cür quruluşu Kremlin imperialist xəyallarını, xüsusilə də, keçmiş Sovet İttifaqı dövlətləri üzərində tam totalitar nəzarətin geri qaytarılması istəyini darmadağın edirdi”.
“Sherg.az” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib. Səfirin sözlərinə görə, uzun illərdir ki, Rusiya rəsmi Kiyevin siyasi əhval-ruhiyyəsini idarə etməyə və təsir göstərməyə çalışırdı. Ukrayna nəhayət Avropaya yaxın xarici siyasət vektoruna qərar verdikdə, Moskva “silah və zorakılıq dili” ndən istifadə etdi:
“20 fevral 2014 - Rusiyanın Ukraynanın suveren ərazilərini ələ keçirmək üçün məkrli, diqqətlə planlaşdırılan hərbi əməliyyata başladığı gündür. Krım yarımadasının işğalı Rusiyanın Ukraynanı suveren dövlət kimi məhv etmək məqsədinə yaxınlaşdıracaq kiçik mərhələ idi.
Demokratik bir cəmiyyət üçün bütün dünyanın ümumi qlobal problemləri həll etmək və bəşəriyyətin daha da inkişaf etdirilməsi üçün konsolidasiya olunduğu bir dövrdə qonşu dövlətlərin ərazilərini işğal edərək beynəlxalq hüququn təməl prinsiplərinə məhəl qoyulmayacağını təsəvvür etmək çətin gəlirdi.
Reallıq daha sərt idi – Rusiya işğalçı ordusunun Krım muxtar respublikasının, Luqansk və Donetsk vilayətlərinin Ukrayna kənd və şəhərlərinə girişi zəbt edilmiş ərazilərə özü ilə ölüm və arası kəsilməyən dağılma və talanı gətirdi.
Azərbaycanlılar bu dəhşəti hər kəsdən yaxşı təsəvvür edə bilirlər: bu gün sən öz evində yaşayırsan uşaqlarını məktəbə yollayırsan, işə gedirsən, axşam ailənlə istirahət günlərinə olan planlarını müzakirə edirsən, sabah isə əmlakını, doğulduğun və böyüdüyün doğma yurdunu gözü yaşlı tərk edərək işğaldan qaçmaq məcburiyyətində qalırsan”.
V. Kanevski diqqətə çatdırıb ki, rus işğalı dövründə Krım Muxtar Respublikasında yaşayan bir çox Ukraynalı ailə, materik Ukraynaya qaçmaq məcburiyyətində qaldı, digərləri isə kədərli bir alternativlə qarşılaşdı: Rusiya işğalçı orqanlarını tanımaq və ya daha yaxşı bir həyat axtarışı üçün evlərini tərk etmək:
“Yarımadanın demək olar ki, bütün sakinləri üçün bu seçim çox çətin idi və çətin olaraq qalır – bu seçimsiz bir seçim idi. Əvvəlcə işğalı dəstəkləyənlər və “rus barışığının” firavanlıq və rifah gətirəcəyinə inananlar da var idi. Bununla birlikdə, rus nağılı tezliklə sona çatdı: vəd edilmiş “rus pryaniki” əvəzinə, Krımlılar polis və ordu qamçılarını, gələcəklərinin tamamilə qeyri-müəyyənliyini aldılar və övladlarının Kremlin imperiya maraqlarını təşviq etmək üçün Suriya, Liviya və digər qaynar nöqtələrə gedə biləcəkləri qorxusu ilə qarşılaşdılar.
Rusların yarımadanı işğalı yerli xalqın - Krım tatarlarının yeni geniş miqyaslı təqib dalğasına səbəb oldu. Beləliklə, 26 aprel 2016-cı il tarixində Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krım Ali Məhkəməsi Krım tatarlarının nümayəndə orqanının - Məclisin fəaliyyəti qadağan edildi. Bu qərarla Rusiya irqi diskriminasiyasının bütün növlərinin ləğv edilməsi haqqında beynəlxalq konvensiya, İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, BMT-nin yerli xalqların hüquqları haqqında Deklarasiyasını pozdu.
Rusiyanın hərəkətlərini gizli və ya açıq şəkildə pisləyən bu və ya digər şəkildə özlərini Ukraynalı kimi tanıdanların hər kəs zülmə və repressiyaya məruz qalırdı. Fiziki zorakılıq, uydurma ittihamlar, həbslər və həbs cəzaları Krımdakı Rusiyanın cinayətkar hakimiyyəti üçün adi hala çevrildi. Təəssüf ki, bu tendensiya bu gün də davam edir.
Qanunsuz azadlıqdan məhrumetmə, siyasi motivli cinayət təqibi, dini zülm, tutulanlara qarşı qeyri-insani rəftar, işgəncə, Rusiya vətəndaşlığını almağa məcbur etmə və bu ölkəni qəbul etməyi rədd etdiyi üçün yarımadadan deportasiya, Rus dilindən başqa dillərdə təhsilə qoyulan məhdudiyyətlər, Krım vətəndaşlarının Ukrayna sərbəst hərəkətinin məhdudlaşdırılması və s. - işğal altındakı Krımdakı həyat həqiqətləri belədir”.
Səfir vurğulayıb ki, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində yaradılmış Rusiyanın qanunsuz hakimiyyət orqanları Ukraynanın dövlət əmlakı və bu ərazilərdə yerləşən Ukrayna vətəndaşlarının əmlakı üzərində özbaşına sərəncam verməyə davam edirlər:
“Qeyd etmək lazımdır ki, postsovet məkanında məşhur olan “Artek” beynəlxalq uşaq mərkəzi 2014-cü ildə Rusiyanın işğalçı hakimiyyəti tərəfindən mənimsəndi, daha doğrusu isə oğurlandı, keçən ilin dekabr ayında isə “Masandra” şərab istehsalı üzrə Ukrayna konserni “hərracdan satılmış kimi” mənimsənildi. Bu cür misallar çox gətirilə bilər, lakin iqtisadi xarakterli itkilər insan itkiləri ilə yan yana dura bilməz!
20 Fevral 2014-cü il tarixi yalnız Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün başlandığı tarix deyil, Rusiya Federasiyası öz hərəkətləri ilə Ukrayna xalqını sülh və dinc bir həyatdan məhrum etdiyi gündür. Bu gün müasir tarixə İkinci dünya müharibəsi bitdikdən sonra qurulmuş dünya düzəni və bəşəriyyətin mədəni inkişafının məhv edildiyi gün kimi düşdü.
Ancaq biz, ukraynalılar, eləcə də azərbaycanlılar bilirik ki, həqiqət bizim tərəfimizdədir. Azərbaycanlılar on illərdir işğal altında olan Şuşada Azərbaycan bayrağının yenidən dalğalanmasını səbrisizliklə gözləyirdilər və buna nail oldular. Biz də inanırıq ki, Ukrayna bayrağının azad edilmiş Sevastopolda qürurla dalğalanacağı gün gələcək, çünki Krım Ukraynadır!”.