“Rusiya sülhməramlı qüvvələri Qarabağda erməni separatizmini açıq şəkildə dəstəkləyir. Görünür, Rusiya kiçik bir ərazidə separatizmi körükləməklə, regionda qalıcı statusunu möhkəmləndirməyə çalışır. Rusiyanın burada separatçıların sturukturları ilə əməkdaşlığı, birgə növbətçiliyi konkret olaraq Azərbaycanın suverenliyinə təhdiddir”.
Bu sözləri MCP partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə özünün Facebook hesabında yazıb.
Politoloq rəsmi Bakının ayıq-sayıq olmasının labüdlüyünü “Sherg.az”a faktlarla izah etdi:
“Qarabağda erməni separatizminin qalması və Moskvanın 10 noyabr birgə bəyannaməsindən irəli gələn bəndləri yerinə yetirməməsi Ermənistanla sülh müqaviləsinin bağlanmasını mümkünsüz edir. Moskva açıq və gizli şəkildə Qarabağdakı məsuliyyət zonasında regionda dəyişən geosiyasi proseslər fonunda deastiblizasiyaya xidmət edəcək. Bunun qarşısını almaq üçün ilk növbədə Rusiyaya etirazımızı bildirməli, separatizmə qarşı hərəkət etməliyik. Erməni separatçıların Rusiyanın yardımı ilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətə keçmələri həyəcan təbili çalmağı labüd edir. Moskvanın əsas planı regionda dəyişən şərtlər fonunda Qarabağdakı ermənilərə pasport verməklə referendum keçirməkdir. Bunu Qarabağda separatçıların rus dilini “rəsmi dil” elan etməsi, hər ay Putinin Qarabağla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməsi də göstərir”.
M. Əsədullazadə, həmçinin bildirdi ki, Kremlin arzusu ürəyində qalmasa, daha ciddi problemlər yarana bilər:
“Ölkəmizə qarşı təhlükəli plan var. Biz belə bir təhlükənin qarşısını alacaq gücdəyik. Təbii ki, bu prosesdə Türkiyə də Azərbaycanın yanındadır. Yalnız hərbi imkanları inkişaf etdirərək belə bir təhdidin qarşısını almaq olar. Prezident İlham Əliyevin Azərbaycan ordusunu Türkiyə modelinə uyğunlaşdırması, tərəfdaş ölkələrlə yeni silah alışı müqavilələri bağlaması məhz sözügedən planların qarışını almağa yönəlib. Rusiya MDB məkanında separatizm və işğal faktoruna üstünlük verərək Qərbin regionda iştirakının qarşını alır. Şərqi Avropada, Donbas, Qara Dəniz perferiyasında Krım, Moldovada Dnestryanı, Cənubi Qafqazda, Abxaziya, Cənubi Osetiya və Qarabağda öz ordusu ilə təmsil olunması buna əsaslanır. Növbəti həmlə Qazaxıstanın şimal əraziləridir. Qarabağda Azərbaycan və Türkiyə Rusiyanın hazırkı planının qarşısını alacaqsa, onun digər münaqişə zonalarında təsiri zəifləyəcək.”