Rəsmi Bakı dünyada gedən proseslərin ən vacib anını gözləyir: “Əməliyyatlara başlamağa hazırlaşır”

“Azərbaycan Qarabağda terrorçulara qarşı əməliyyatlara başlamağa hazırlaşır. Neçə gündür ki, Qarabağda yaşayan ermənilərin özləri üçün təsis etdikləri rejimini ikinci "dövlət" dili olaraq rus dilini seçməsi Azərbaycan sosial mediasında bomba effekti doğurub”.

 Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün Facebook hesabında yazıb. O, məsələnin mahiyyətini “Sherg.az”a izah etdi:

“Hər kəs bilir ki, Azərbaycan tərəfi bu qələbəni Prezidentin, xalqın və ordunun, regional və qlobal dostların da yardımı ilə qazandı. 44 günün hekayəsi bütün arqumentləri aradan qaldırmaqla yanaşı, sırf yeni reallıqlar doğurdu. Həm də regionda aktorları, güc nisbətlərini dəyişdirdi. Cəmi 25 faiz ərazinin aqibəti hələlik məlum olsa da, yurisdiksiyamızdan kənarda qalıb. Bu situasiya hakimiyyət əleyhdarları, kolonlar, xarici əks - kəşfiyyat, asimmetrik müharibə elementləri daxil hər kəsin "qida" yeridir. Amma prosesin dinamikası, “oyunçu”lar, maraqlar təhlil edilmədən ictimai rəyi yönləndirənlər, buna şərh verənlər nəticəyə təsir etməsələr də, ciddi şəkildə daxili təzyiq yarada bilirlər”.

 Ekspert mövcud situasiyada ölkəmizin addımları barədə də danışdı:

“Belə bir şəraitdə Azərbaycan ordu hazırlığını artırır, silahlanır. Müttəfiqlərlə münasibətləri gücləndirilir. Qarabağda ermənilərin təxribatlarına imkan yaradaraq onları və himayədarlarını növbəti dəfə qlobal səviyyədə günahkar durumuna düşürür. Həmçinin əməliyyatlar üçün  ideal imkan yaradır. Rəsmi Bakı bunlardan əlavə, dünyada gedən proseslərin ən vacib anını gözləyir. Məsələn, ABŞ - Rusiya münasibətləri, Avropa Birliyi ilə baş verən hadisələr, İranla yaşananlar və Çin - Britaniya baxışının modifikasiya edilməsi və digər məqamları nəzərdə tuturam. Bunlardan ən vaciblərindən biri  isə yeni dünya nizamı - Atlantik məkan ənənəvi Şərqə qarşı toqquşmalar fonunda daha böyük coğrafiyaya- təkcə fiziki mənada deyil-sahib olmaqdır”.