Ermənistanın bir yolu qalıb:"Bakının yaratdığı reallıqlarla barışsın"

"Ümumi gedişat Paşinyanın digər qərbyönlü partiyalarla birlikdə qalib olacağını göstərir"


Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıb. Paşinyanın sözlərinə görə, nəqliyyat yollarının açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Baş nazir nümunə olaraq mis-filiz mədənçiliyinə işarə edib. Paşinyan Ermənistanın mislə zəngin olduğunu, lakin misəritmə üçün potensialın kommunikasiyasız mümkün olmadığını xatırladıb. O, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasının və dəmir yol xətlərinin açılmasının vacibliyini qeyd edib:

“Bəzi qərarlar verməliyik. Mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq”. 



Paşinyanın bəyanatını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Turan Rzayev deyib ki, hazırda Ermənistanda seçkiqabağı kampaniyalara
başlanılıb. Analitik bildirib ki, xüsusən, hakim partiyanın və “Daşnaksütyun”un aktivliyi müşahidə olunmaqdadır:

“Hər iki partiyanın şüarlarında ciddi fərqlər var. Daşnaksütyun Partiyası, revanşistlər, ultra-millətçilər xalqı ənənəvi “müharibə” və “qələbə” sindromu ilə yenidən zəhərləməyə çalışır.

Lakin Paşinyanın və parlamentdə koalisiya qurmaq istədiyi digər qərbyönlü qüvvələr yeni ideologiya ətrafında birləşməyə səy göstərirlər.

Yeni ideologiya isə Ermənistanın xarici bazarlara çıxış imkanı əldə etməsinə və iqtisadi inkişaf dinamikasını artırmağa nail olmaqdır. Paşinyan regionda kommunikasiyaların bərpası ilə ölkəyə investisiya cəlb etmək niyyətindədir.

Bu həm də qarşıdan gələn parlament seçkisinə siyasi hazırlıq deməkdir. Baş nazir əvvəlkindən fərqli olaraq bu dəfə xalqa reallaşması mümkün olan vədlər vermək istəyir. Təbii yataqların işlənməsi xarici investisiya ilə yanaşı, həm də işsizliyin qismən aradan qaldırılması deməkdir. Əgər Paşinyan seçkidən qalib çıxarsa, bu dəfə verdiyi vədləri tutacaq”.

T.Rzayev vurğulayıb ki, məhz baş nazirin dövründə Ermənistanın regional layihələrdə, kommunikasiyaların açılması prosesində iştirakı mümkündür:

“Daha doğrusu bu, Ermənistan üçün bir zərurətdir. Yerevan hökuməti üçtərəfli bəyanatın icrasına məcburdur.

Düşmən ölkə müharibədən sonra tənəzzülə doğru gedir. Bunun qarşısını almağın yeganə yolu rəsmi Bakının yaratdığı yeni reallıqlarla barışmaqdır. Ermənistanın xarici siyasətini məhz yeni reallıqlar formalaşdıracaq.

Prosesi sürətləndirməyin əsas yolu isə parlamentdə üstünlük əldə etməkdir. İqtisadi sabitlik birbaşa ölkədəki siyasi stabillikdən asılıdır. Ümumi gedişat Paşinyanın digər qərbyönlü partiyalarla birlikdə qalib olacağını göstərir”. 

Ekspertin fikrincə, Paşinyan eyni zamanda Kremlin təsir dairəsindən çıxmaq istəyir:

“Onu hakimiyyətə gətirən Qərbdəki siyasi güclərdir. Bu isə Moskvanı narazı salan əsas məqamdır.

Ona görə də Paşinyan Rusiyanın yanındaymış kimi görünərək məqsədlərinə nail olmağa çalışır.

Ən əsası isə erməni ictimaiyyətinin gözündə məğlub rəhbər kimi deyil, seçkidən qalib çıxmış baş nazir kimi qalmaq istəyir”.