İsraillə münasibətlərimiz ən üst səviyyədədir

Artıq 15 ildir ki, İsrailin bizdə səfirliyi var, amma bizim orada səfirliyimiz yoxdur


“Azərbaycanla İsrail arasındakı tərəfdaşlıq möhkəm, geniş əhatəli, çoxşaxəlidir. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən razıyıq”.
Bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom” nəşrinə müsahibəsində deyib.
“Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün 10-dan artıq saziş imzalamışıq, 20 layihəyə də hazırda baxılır. Bu sənədlər münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün möhkəm bünövrədir”, - deyə nazir bildirib.

C.Bayramov Vətən - Qarabağ savaşı zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və dəqiqliyə malik olan silahlardan istifadə edildiyini qeyd edib. Nazir, həmçinin, İsrail istehsalı olan silahlar, xüsusilə də PUA-dan məharətlə istifadə edilməsinin qələbənin əldə olunmasında vacib rol oynadığını vurğulayıb.

Məsələ ilə bağlı düşüncələrini "Şərq"lə bölüşən politoloq Qabil Hüseynli bildirdi ki, İsraillə münasibətlərimiz çox yüksək səviyyədədir: "İsrail bizimlə diplomatik münasibət yaradan ilk ölkələrdən biridir. Ölkəmizdə yəhudilərin sayı da çoxluq təşkil edir. Onlar bizim bəzi ərazilərimizdə kompakt şəkildə yaşayırlar. 

İsrail dövləti ilə əlaqələrin inkişaf etdirilməsi bizim üçün çox əhəmiyyətlidir. Həm Aprel döyüşləri, həm də ikinci Qarabağ müharibəsində İsraildən aldığımız silahlar, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri düşmənə qalib gəlməkdə mühüm rol oynadı. Bu gün də Azərbaycanın İsraillə hərbi-siyasi sahədə əlaqələri durmadan inkişaf edir". 

Politoloq həmçinin bildirib ki, Azərbaycanın qurduğu dostluq və əməkdaşlıq əlaqələrinin Türkiyə ilə İsrail münasibətlərinin yaxşılaşmasında vasitəçi olacağını vurğuladı:

"Türkiyə ilə İsrail arasında münasibətlər həmişə yaxşı olub. Sadəcə, 5-3 "ərəb"ə görə onların əlaqələri son bir neçə ildir ki, dayanıb. Türkiyə ilə İsrailin əlaqələrini düzəldəcək, həmçinin, Azərbaycanın da əməkdaşlığını gücləndirəcək addımlardan biri də İsraildə səfirliyimizin açılması ola bilər. Yəni diplomatik korpusumuzun İsraildə də mövcudluğu bu əlaqələri möhkəmləndirə bilər. 
İndi Azərbaycan bu istiqamətdə düşünür. Zənnimcə, bu prosesi uzatmaq lazım deyil. Çünki artıq 15 ildir ki, İsrailin bizdə səfirliyi var, amma bizim orada səfirliyimiz yoxdur. 

Əlbəttə ki, Azərbaycan İsrail və Türkiyə münasibətlərinin yaxşılaşmasında maraqlıdır. Hətta bu məsələdə dönüş əmələ gəlib. Onlar bir neçə il öncə baş verən insident zamanı bütün əlaqələrini kəsiblər. Düşünürəm ki, bu, doğru addım deyildi. Amma ziyanın yarısından qayıtmaq da xeyirlidir".