Paşinyan Moskvadan əliboş qayıtdı:“Sualları dəftərçədə qaldı...” - Fiasko

"Paşinyan dəftərçəsində xeyli məsələləri qeyd etmişdi, lakin Putin buna şərait yaratmayıb"

"Putin görüş boyu baş nazirin atasının adını səhv tələffüz edib"

"Rusiya liderinin bunu qəsdlə yaxud yanlışlıqla etdiyini demək çətindir"




Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Qarabağ münaqişəsi ətrafında vəziyyətin müzakirəsindən tutmuş ikitərəfli əlaqələrə qədər çox böyük sahələri əhatə edən məsələlər müzakirə mövzusu idi. Amma Putin üçün əsas məsələ Qarabağ və onun ətrafında vəziyyətin normallaşdırılması hesab olunurdu.

Putinin Paşinyanı Moskvaya çağırmaqda əsas məqsədi heç də iki ölkə arasında mal dövriyyəsinin artırılması yollarını müzakirə etmək deyildi. Rusiya prezidenti daha ciddi məsələləri gündəliyə qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. 

Baş tutan görüş Paşinyanın gözləntilərini doğrultdumu?



Sualımızı cavablandıran siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında görüşün planlaşdırıldığı kimi uğurlu alınmadığını söyləyib:

“Bunun əsas səbəbi, tərəflərin bir-birinə səmimi olmamaları idi. Əlbəttə, Paşinyanın görüşdə məqsədi siyasi idi. O, siyasi olaraq ona qarşı rəqiblərin hazırlandığı, xüsusilə Rusiya mediası və Putinin Robet Koçaryana dəstək verməsini görür və buna qarşı özünü müdafiə etmək ehtiyacı duyurdu. İstəyirdi ki, Putin onun yenidən seçilməsinə mane olmasın. Rusiya mediası son vaxtlar Ermənistanın eks-prezidenti R.Koçaryana xüsusi yer ayırır. Eyni zamanda Putinin Koçaryanı ad günü münasibətilə təbriki və müəyyən məsələlərdə onunla məsləhətləşməsi Paşinyanı çox narahat edir.
Ermənistan iqtisadi cəhətdən çöküb. Nə valyuta ehtiyatları var, nə də əhalini qida ehtiyatları ilə təmin edə bilirlər. Deyilənə görə, marketlərdə yumurta, yağ və digər qida məhsulları çatışmır”.

Analitik qeyd edib ki, görüşdə Rusiya tərəfi bir daha bölgədə hakim olduğunu və Paşinyan üzərindəki təsirini dünyaya göstərmək istəyirdi:

“Əslində hər iki tərəf qeyri-səmimi davranırdı. Paşinyan Rusiyadan nə qədər iqtisadi yardım istəsə də, yenə öz mövqeyi möhkəmlənən kimi qərbə doğru meyillənəcək. Eyni zamanda Putin Paşinyana ürək-dirək verib, seçkilərə qrışmayacağını bildirsə də, əl altından Koçaryana dəstək verməyə davam edəcək. Ən azından Koçaryan seçilməsə belə, Paşinyan şantaj və təsiri üsulu kimi Putinin əlində qalmağa davam edəcək.

Görüşdə baş verən digər maraqlı məqəm o idi ki, Paşinyan dəftərçəsinə xeyli məsələləri qeyd etmişdi ki, onları səsləndirsin. Lakin bəlli oldu ki, o, yazdığı məsələlərin çoxusunu səsləndirə bilməyib, daha doğrusu Putin buna şərait yaratmayıb. Digər tərəfdən Putin görüş boyu Paşinyanın  atasının adını səhv tələffüz edib.

Putinin bunu qəsdlə yaxud yanlışlıqla etdiyini demək çətindir. Çünki onun əvvəllər də dünya liderləri ilə görüşlərində qeyri-adekvat addımlar atdığı bəllidir.

Düşünürəm ki, görüşü hər iki tərəf üçün tam olaraq fiasko adlandırmaq olar”.