Ermənistan prezidenti əl-ayağa düşüb

İndi də Gürcüstan qapısına getdi

Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Gürcüstanın Prezident Administasiyasından bildirilib.
Məlumata əsasən, A.Sarkisyan gürcü həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək. Daha sonra onlar  mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan prezidentinin səfər çərçivəsində parlament sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılıb.

Mövzu ilə bağlı "Şərq"ə danışan politoloq Qabil Hüseynli bildirib ki, Gürcüstan Azərbaycanla tərəfdaş olsa da, Ermənistanla da əlaqələri pozmaq istəmir:

"Gürcüstanla Azərbaycan strateji tərəfdaşdır. Bir çox məsələlərdə bizimlə eyni xətt üzrə hərəkət edir. Amma Ermənistanla da münasibətləri pisləşdirmək istəmir.

Bölgədə iqtisadi problemlərin həlli ilə bağlı "Altılıq" sazişi məsələsi var. Məlum məsələyə görə Gürcüstan Rusiyanın olduğu bir layihəyə qatılmaq istəmir. Ermənistan da Rusiyanın əlaltısıdır. Bölgədə aranı qarışdırmaqla məşğuldur.

Ermənistan böyük bir iqtisadi zona deyil ki, Gürcüstana yardım etsin. Gürcüstan da bir sıra-işıq, qaz, neft və sair kimi iqtisadi məsələlərdə Azərbaycandan asılıdır. İndi hər iki dövlətin iqtisadi əməkdaşlıq qura bilmələri real görünmür.

Mənə elə gəlir ki, onlar yenə də Abxaziyadan keçən dəmir yolunu müzakirə edəcəklər. Ermənistanı Rusiya ilə birləşdirən əsas yol onların öz ərazisindən, bir də Gürcüstanın işğal edilmiş Abxaziya ərazisindən keçir.

Yəni bu görüşdə, əsasən, Ermənistan öz logistik arzularını gerçəkləşdirməyə çalışacaq".