Ermənistanın canına Zəngəzur qorxusu düşüb

Ona görə sərhədlərində Rusiyanın hərbi bazasını qurmağa can atır

Rusiya və Ermənistan Ermənistanda 102-ci Rusiya hərbi bazasının imkanlarının genişləndirilməsi məsələsini müzakirə edir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin sonuncu iclasında deyib. O bildirib ki, Sünikdə dayaq məntəqəsi yaradıla bilər.

Baş nazir Rusiya ilə hərbi ittifaqın ölkəsinin təhlükəsizliyində vacib əhəmiyyəti barədə də danışıb: “Ermənistanın xarici təhlükəsizliyinin dayağı erməni-rus hərbi ittifaqı və onu möhkəmləndirən onlarla beynəlxalq hərbi və strateji müqavilələr və müttəfiqlərlə qarşılıqlı öhdəliklərdir”.
Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi baxımından erməni-rus döyüş qruplarının fəaliyyəti və vahid Hava Hücumundan Müdafiə sistemi mühüm praktiki əhəmiyyət kəsb edir.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında Ermənistanın Zəngəzur məsələsində qorxduğu üçün bu addımı atdığını dedi:

"Ermənistanın Azərbaycanla arasında olan sərhəddə, xüsusilə də Qubadlı və Zəngəzur  istiqamətində Rusiyanın əli ilə hərbi bazanı gücləndirməsi regionda qarışıqlıq yaratmağa xidmət edir. Hesab edirəm ki, Ermənistanın bu addımı anlaşılmazdır. Bu, Azərbaycanla gələcək perspektivdə yaradılacaq imkanlara bir zərbədir.
Qeyd edim ki, Azərbaycan öz sərhədləri daxilində yeni hərbi hissələr qurur. Amma Ermənistan öz sərhədləri daxilində digər dövlətlərin hərbi bazasını yaratmağa meyl edir.

Ermənistan Rusiyanın asılılığındadır. Eləcə də onların qorxduğu əsas məsələ Zəngəzur mövzusudur. Çünki Zəngəzur Azərbaycanın əzəli torpağıdır. Hesab edirəm ki, Ermənistanın bu yöndə atdığı addımlar qorxularından irəli gəlir.

Zəngəzur-Sünik istiqamətində yeni hərbi bazanın yaradılması Azərbaycanla Rusiya arasında müəyyən suallar doğuracaq.
Əlbəttə ki, hərbi bazanın məhz Sünik istiqamətində yaradılması həm də Rusiyanın planıdır.

Onlar Azərbaycanın Naxçıvan, eləcə də Türkiyə ilə quru əlaqəsini təmin edəcək Mehri dəhlizinin yaxınlığında hərbi baza qurmaqla prosesləri müəyyən dərəcədə öz nəzarətlərində saxlamağa çalışırlar".