Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi Rusiyanı əndişələndirir - Politoloq

"Qarabağ müharibənin belə bir sonluqla bitəcəyini  dəqiqləşdirməyən Rusiya çox böyük məyusluq içindədir"



“Rusiyanın Cənubi Qafqaz siyasəti əsasən region ölkələrində hərbi-siyasi vəziyyəti gərginləşdirməsi, etnik separatizmi qızışdırması ilə daha çox xarakterizə olunur”.
Bu sözləri “Şərq”ə açıqlamasında politoloq, alim Ramid Hüseynov deyib. Politoloq qeyd edib ki, rus mütəxəssisləri özləri də Rusiyanın Xəzər hövzəsi və Cənubi Qafqazda öz milli maraqlarını daxili münaqişəli vəziyyətlər yaratmaqla təmin etdiyini etiraf edirlər: “Halbuki bunu region dövlətləri ilə sıx qonşuluq münasibətləri yaratmaqla, iqtisadi-siyasi-mədəni əməkdaşlıq etməklə həyata keçirilməsi ilk öncə Rusiyanın özünün geosiyasi mövqelərinin güclənməsinə, Qərbin müqavimətinin də zəifləməsinə xidmət edəcəyi şübhəsizdir. Amma Rusiyada hakimiyyətdə kimlərin olmasına baxmayaraq, bu dövlətin strateji maraqları, geosiyasi-geostrateji məqsədləri dəyişilməz olaraq qalır. Əsrlər öncə formalaşmış strateji hədəflər hələ də öz qüvvəsini saxlamaqdadır. Buna bariz nümunə kimi, SSRİ-nin artıq 30 ildir ki, süqut etməsinə baxmayaraq, dünya miqyasında baş verən qlobal əhəmiyyətli proseslərin təsiri altında Rusiya Federasiyasının hakim siyasi dairələri hətta keçmiş müttəfiq respublikalara özünün itirilmiş mülkləri kimi baxır, onları yenidən öz nüfuz dairəsinə qatılmalı olduğunu dilə gətirirlər. Məhz Rusiyanın güc və hərbi təsir vasitəsilə postsovet məkanındakı vəziyyəti nəzarətdə saxlamaq, kənar güclərin bura daxil olmasına mane olmaq cəhdləri bu niyyətin gerçək üzünü göstərir.  Bu siyasətin ölkənin vacib hüquqi sənədlərində belə təsbit olunması onun strateji mahiyyət daşıdığını düşünməyə əsas verir”.   

R.Hüseynov əlavə edib ki, Rusiyanın regional siyasətini doğru analiz edən ABŞ və digər qərb dövlətlərinin hakim dairələri və siyasət nümayəndələri bunun qeyri-sivil və beynəlxalq hüquqa zidd yollarla təmin edildiyini açıq aşkar bəyan edirlər:

“Bununla paralel Cənubi Qafqaz regionun təkcə qonşular üçün deyil, ABŞ və Avropa dövlətləri üçün geosiyasi-geoiqtisadi baxımdan cəzbedici olduğunu da gizlətmirlər. Xüsusilə də, enerji təhlükəsizliyinin təmini, Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsi baxımdan regionun qərb üçün mühüm əhəmiyyət daşıdığını etiraf edirlər. Lakin son zamanlar beynəlxalq mövqelərinin güclənməsi fonunda Türkiyənin regiondakı geosiyasi rolunun artması, siyasi təsir imkanlarının genişlənməsi, Azərbaycanla strateji səviyyədə müttəfiqliyinin genişlənməsi, birgə hərbi təlimlər keçirməsi digər geosiyasi qüvvələrin rolunun zəifləməsinə təsirsiz ötüşməmişdir. Xüsusilə də Qarabağ müharibəsi zamanı Türkiyənin ilk gündən Azərbaycanın yanında olması, bu ölkədən alınmış yüksək dəqiqliyə və effektivliyə malik silahların istifadəsi qələbənin taleyini həll etməklə bərabər, həm də Rusiyanın hərbi sənayeni üçün ciddi itkilərlə yadda qaldı. Müharibənin belə bir sonluqla bitəcəyini  dəqiqləşdirməyən Rusiyanın çox böyük məyusluq keçirdiyini başa düşmək elədə çətin deyil. O cümlədən, müharibə sonrası Türkiyə rəsmilərinin tez-tez Azərbaycana olan səfərləri, ikitərəfli danışıqlar aparmaları Rusiyanın ciddi narahatlığına səbəb olduğu şübhəsizdir. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, geosiyasi üstünlüyü Rusiya üçün heç də arzuolunan deyil. Rusiya tərəfinin postmüharibə dövründəki addımları, hər vəcdlə regiondakı mövqelərini gücləndirməyə çalışması məhz Türkiyənin regiondakı üstünlüyünün artmasına qarşı yönəldiyi açıq hiss olunur”.   

Politoloq vurğulayıb ki, Türkiyənin türk dövlətlərinin birgə ittifaqını, birgə ordusunu yaratmaq cəhdi də Rusiyanın siyasi dairələrində heç də xoş qarşılanmır:

“Özünün postsovet ölkələrinə olan təsir imkanlarından çıxış edərək bunun mümkünsüz olduğunu bəyan etməsi həm təhdid, həm narahatlığın ifadəsidir. Amma görünən odur ki, yeni dünya düzəni, yeni geosiyasi proseslər, dəyişən dəyərlər, yeni çağırışlar yeni güclərin meydana gəlməsini qaçılmaz edir. Ənənəvi güclərin illərdir davam edən hegemonluğu, imperalist və ekspansionist siyasətləri tədricən zəifləməkdədir. Dövlətləri və xalqları daxili münaqişələr, sosial-siyasi gərginliklər, iqtisadi-siyasi təzyiqlər, qeyri-demokratik prinsiplər yolu idarə etmək tədricən səmərəsini və effektivliyini itirməkdədir. Əksinə imperalist, qeyri-demokratik dövlətlərin özlərinin daxilində cərəyan edən siyasi gərginlik, iqtisadi çətinliklər, sosial narazılıq və artan xarici təzyiqlər fonunda mövcud geosiyasi mövqelərinin itirilməsi müşahidə olunmaqdadır. Hətta güc və hədə yolu ilə prosesin ləngidilməsi mümkün olsa da onun tamamilə qarşısının alınması da inandırıcı görünmür”.