Sensasiya:“Cənubi Qafqazda ABŞ-la Rusiyanın mövqe savaşı...” - ŞƏRH

Qarabağ müharibəsindən sonra regionda müzakirə olunan əsas mövzu Rusiya ilə Ukrayna arasındakı hərbi-siyasi böhranın nə ilə nəticələnəcəyidir. Ekspertlərin fikirləri müxtəlifdir. Bəziləri hər ötən gün danışıqlar yolu ilə həll ehtimalının bir az da azaldığını düşünür, bəziləri isə müharibənin başlanacağını tamamilə istisna edir.
 Ukraynada yaşayan türkiyəli jurnalist, Şərqi Avropa üzrə ekspert Deniz Berktayın sözlərinə görə, savaş barədə düşünmək tezdir. O, bu haqda proqnozlarını “Sherg.az”la bölüşdü: 

“Rusiya ilə Ukrayna arasında münasibətlər son həftələr gərginləşməkdə davam edir. Amma bunun hərbi əməliyyatlarla nəticələnmə ehtimalı azdır. Düzdür, Rusiya Uktayna ilə sərhədə canlı qüvvə yığır. Buna baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenskinin də bir neçə dəfə dediyi kimi, sözügedən addım “əzələ nümayişidir”.

İkinci bir tərəfdən, Uktayna rəsmiləri də Moskvanın hücuma başlayacağını düşünmürlər. Onların fikrincə, belə bir fikir olsa, çoxdan reallaşardı. Həm də ona görə ki, 2014-cü ildə Rusiya hərbi birliklərini gecə vaxtı, hiss etdirmədən sərhədə yerləşdirirdi. İndi isə bunu günün günorta çağı, hər kəsin gözü qarşısında edir. Əslində məntiqli yanaşmadır.

Bəli, Rusiya 2014-cü ildə Krımı ələ keçirmişdi. Fəqət, o vaxtkı şərtlər belə deyildi. Həmin dövrdən fərqli olaraq, indi Ukraynada siyasi vəziyyət daha stabildir, xaos yoxdur. Ukrayna ordusu indi qat-qat güclüdür. Hətta Rusiyaya uduzsa belə, qarşı tərəfə ciddi itkilər vermək əzmindədir. Ona görə də Kreml həyati əhəmiyyət kəsb etmədikcə müharibəyə girməz”.

Jurnalist, həmçinin Qərb faktorundan da danışdı:

“Eyni zamanda ABŞ rəsmilərinin Rusiya ilə bağlı açıqlamalarının çox sərt olduğu da diqqət çəkir. Əvvəlcə ABŞ-ın, sonra isə Britaniyanın Ukraynadakı vəziyyəti bəhanə edərək Qara dənizə donanma yerləşdirməsi onların Qara dənizdə və Şərqi Avropada  mövqe sahibi olmaq istəklərindən xəbər verir. Yəni Ukrayna böhranı əslində ABŞ-la Rusiya arasındakı mübarizənin bir hissəsidir. ABŞ- da Co Bayden hakimiyyətə gəldikdən sonra Moskvaya qarşı mövqe daha da radikallaşdı. İndi keçmiş SSRİ-də, yəni Cənubi Qafqaz, Belarus, Ukrayna, Moldova və başqa yerlərdə ABŞ-la Rusiya arasında mövqe savaşının daha da şiddətlənəcəyini görəcəyik”.