Vəziyyət dəyişib, heç nə əvvəlki kimi deyil

"Qatar artıq yola düşüb və Makron qatarın arxasınca qaçır"


“Vaxtı ilə Fransaya böyük şəxsiyyətlər rəhbərlik ediblər. Əfsuslar olsun ki, indi Fransaya Emmanuel Makron kimi şəxs başçılıq edir”. 
Bu sözləri “Şərq TV”-nin “Düzünü deyək” proqramında çıxışı zamanı politoloq İlqar Vəlizadə deyib. 

Siyasi şərhçi vurğulayıb ki, Makron “bank işçisi” səviyyəsində bir adamdır: “Fransa daxilində Makronun reytinqi çox aşağıdır. Çox məşhur baş nazirlərdən biri prezident Makronla işləməyi özünə sığışdırmadığı üçün istefa vermişdi. Təsəvvür edin, belə bir adam qlobal səhnədə rol oynamaq həvəsindədir. Makron öz siyasəti ilə bütün qlobal coğrafiyalarda biabırçı məğlubiyyətə düçar oldu. Mərkəzi Afrikada, Liviyada, Livanda, Suriya və digər bölgələrdə sıxışdırılıb çıxarıldı.

Əli hər yerdən üzülən Fransa rəhbərliyi Qarabağdakı proseslərdə özünə xal qazanmağa çalışır.

Amma regionun aparıcı gücləri – Azərbaycan, Türkiyə və Rusiya Minsk qrupunun həmsədri olan Fransanı haqlı olaraq proseslərə yaxın buraxmırlar. Qatar artıq yola düşüb və Makron qatarın arxasınca qaçır. Fransa rəhbəri bu cür addımları ilə məqsədinə nail olmadığı kimi, üstəlik, Avropa Birliyini də gözdən, nüfuzdan salır. Vəziyyət köklü surətdə dəyişib, heç nə əvvəlki kimi deyil”.