“Prezidentin köməkçisi NATO və AB –yə həqiqətləri çatdırır”

“Əminəm ki, Azərbaycan NATO və AB ilə əməkdaşlığını davam etdirəcək”

“Beləliklə, Ermənistanın göstərdiyi səylər heç bir nəticə verməyəcək”


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb. Bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan-NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.



Məlum diskusiyanı “Sherg.az”a şərh edən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Azərbaycan NATO ilə uzun illərdir, əməkdaşlıq edir.

Parlament üzvü qeyd edib ki, dövlətimiz NATO Silahlı Qüvvələrinin Əfqanıstanda həyata keçirdiyi sülh əməliyyatlarına böyük dəstək verir:

“Ona görə də NATO bu əməkdaşlığı yüksək qiymətləndirməlidir. Ermənistanda ağır və ciddi siyasi durum olduğuna görə, bütün dünyaya səs-küy salıblar ki, guya Azərbaycan hərbi qüvvələri Ermənistan ərazisinə daxil olub.

Əslində onlar sərhəddəki delimitasiya prosesini öz daxili problemləri olduğu üçün dünyaya yanlış formada yayıblar. Prezidentin köməkçisi həm NATO, həm Avropa Birliyi (AB) kimi beynəlxalq təşkilatlara həqiqətlər barədə məlumat verir.

Əminəm ki, Azərbaycan NATO və AB ilə əməkdaşlığını davam etdirəcək. Beləliklə, Ermənistanın göstərdiyi səylər heç bir nəticə verməyəcək.

Məlumdur ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi həyata keçirir. Azərbaycan nə Ermənistanın üzv olduğu hərbi bloka, nə də NATO-ya üzv olmaq barəsində düşünür.

Siyasətimizi beynəlxalq hüquq normalarına əsasən müstəqil formada həyata keçiririk. Dövlətimiz bölgədə olan bütün qüvvələri əməkdaşlığa, səmərəli və qarşılıqlı maraqlar əsasında tərəfdaşlığa çağırır.

Prezidentin köməkçisinin NATO rəsmisi ilə danışıqlarını yüksək qiymətləndirirəm. Əminəm ki, bu danışıqlar münasibətlərimizin inkişafına xidmət edəcək”.