“Azərbaycan və Belarus hərbi müttəfiqlər alyansı formalaşdırıb”

Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin Azərbaycana rəsmi səfərə edib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dəvəti ilə ölkəmizə gələn nazir Prezident İlham Əliyevin qəbulunda olub. Belarusun müdafiə nazirini salamlayan Prezident İlham Əliyev deyib:

“Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir”.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) idarə heyətinin sədri, millət vəkili Zahid Oruc səfər barədə “Sherg.az”a danışıb. Deputat qeyd edib ki, ölkəmiz ötən illər ərzində geniş hərbi müttəfiqlər alyansını formalaşdıra bilib:

“Bu, bir tərəfdən siyasi mənafelərimizə uyğun idi. Çünki müttəfiq dövlətlərin sayının çox olması siyasi gücümüzü artırır. İstər masada, istərsə də beynəlxalq tədbirlər zamanı Azərbaycanın haqq səsini gücləndirir. Bu gün hansısa siyasi aksiyalar zəminində şiddətli ictimai toqquşmaların yaşanmasına baxmayaraq, Sovet dövründən sonra özünəməxsus iqtisadi imkanları qoruyub saxlayan ölkə olan Belarus Azərbyacanla münasibətlərdə prinsipial davranış sərgiləyir. Ulu Öndər Heydər Əliyevin zamanında bu ölkəyə yönəlik atdığı addımlar, müxtəlif iqtisadi və humanitar xarakterli köməklər, Belarus cəmiyyətində dövlətimizə bir məhəbbət yaradıb. İctimai rəy isə öz-özlüyündə böyük bir kapitaldır, bizim üçün mühüm bir dayaqdır. Digər tərəfdən Belarus ötən illər ərzində ən mühüm strateji hücum silahlarını Azərbaycana aşağı qiymətlərlə satıb. Müxtəlif dövlətlərin təzyiqləri və təsirləri altında olan hər iki ölkə bu məsələdə iradə sərgilədi. Şübhəsiz ki, həmin raket kompleksləri İkinci Qarabağ savaşında düşmənə vurduğumuz sarsıdıcı zərbələrdə rol oynadı. Düzdür, ölkəmizin hərbi gücünün hamısını Vətən Savaşına yönəltməsinə ehtiyac qalmadı. Lakin Ali Baş Komandan hələ 2020-ci ilin əvvəlində “Polonez” raketlərinin Ağstafada və Tovuz kimi ərazilərdə yerləşdirilməsini təmin etmişdi.

Təəssüf ki, informasiya vasitələrində demokratiya və diktatura yarlıqları əsasında dünya siyasətinə baxış sərgiləyən bir çox qüvvələr bəzən özlərini Belarus vətəndaşı kimi apararaq, müxtəlif siyasi şüarlarla yaşayırlar. Bu, çox yanlış situasiyadır. Çünki gözümüzün qabağında dünya siyasətinin mənzərəsi var. 2016-cı ildə yaşadığımız səhnələri də unutmamalıyıq. Çünki həmin il aprel döyüşləri zamanı və ondan əvvəlki dövrlərdə Belarus lideri Aleksandr Lukaşenko Qarabağ məsələsində prinsipal olaraq Azərbaycan tərəfindən çıxış edib. Lukaşenko həmçinin qaniçən cəllad kimi tarixdə qalan Serk Sarkisyana ciddi təsirlər etməyə çalışmışdı. O zamanlar müxtəlif dövlətlərin demokrat rəhbərləri harada idi?”.

Z.Orucun sözlərinə görə, min illərdir dünya siyasətini məhz mənafelərin idarə etdiyini görməkdəyik. Ona görə də Azərbaycan xalqı unutmalı deyil ki, həqiqətən də Belarusun bizə olan münasibət və davranışlar ən yüksək müttəfiqlik adına layiqdir:

“2016-cı il aprelin 7-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda tədbiri planlaşdırılmışdı. Belarus lideri məhz həmin sammitə gəlməyəcəyini bildirdi. Ardınca isə daha bir dövlət Belarusa qoşuldu. Bu, çox böyük siyasi mənaya malikdir. Çünki həmin sammitin baş tutması İrəvanda Azərbaycan tərəfindən zərbə alan və sarsılmaz mifi dağılan Sarkisyan kimi rəhbərliyin əleyhimizə bəyənat səsləndirməsi demək idi. Belarus lideri isə bunun qarşısını aldı”.

Parlament üzvü diqqətə çatdırıb ki, müdafiə nazirlərin görüşü Azərbaycanın Vətən müharibəsində uğur qazanması, hərbi sənaye kompleksləri arasında əlaqələr və müxtəlif sahələrdə əməkdaşlığa xidmət edir:

“Ona görə də bu səfəri bir müddət öncə, iki ölkə başçısının görüşününü davamı sayırıq. Ermənistan isə Belarusla olan münasibətlərimizdən həddindən artıq narahatdır. Başa düşürlər ki, hazırda KTMT-nın katibi vaxtilə Belarusun Xarici işlər naziri olub. Ona görə də Ermənistan Belarusun Azərbaycanla birgə tədbirlərinə amansız şəkildə, isterik formada və fobiya ilə cavab verir. Fərqindədirlər ki, bu görüşlərin arxasında real hərbi əlaqələr var. Azərbaycan müharibədən uğurla çıxmış silahları almaqda davam edir. Məhz görüşün də mənası budur”.