Okeanın o tayından gələn telefon zəngi...

Amerikalı müşavirin diqqətinə bəzi məsələlər çatdırıldı

"Ermənistanın sərhəd məsələsini beynəlmiləlləşdirmə cəhdləri yolverilməzdir"


Mayın 17-də ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Prezident İlham Əliyevə zəng edib. Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə olunub. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını da bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu qeyd edib. Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Ölkə rəhbəri Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib. 

Mühüm zənglə bağlı “Şərq”ə fikirlərini bəyan edən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, telefon zəngi hər şeydən öncə ABŞ-Azərbaycan münasibətlərinin inkişafa meyilli olmasını göstərir. Deputat xatırladıb ki, bundan öncə də Amerikanın dövlət katibi E.Blinken Prezidentimizlə əlaqə saxlamışdı:

“Blinkenlə danışıqlarda ABŞ-Azərbaycan arasındakı münasibətlərin vacibliyi vurğulanmış və əlaqələrin inkişafının hər iki tərəfin marağında olduğu bəyan edilmişdi. Sallivanın da zəngi bu qəbildəndir. Amerika rəsmisinin diqqət çəkdiyi əsas məqam son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan olaylar oldu. Müşavir bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi. Əlbəttə, zəngin məqsədi rəsmi Bakıya hansısa tövsiyələrin verilməsi deyil. Ümumiyyətlə, buna heç bir əsas yoxdur. Cənab Prezidentin mövqeyi hər zaman ondan ibarət olub ki, Ermənistanla bütün məsələlər ədalətli və dinc danışıqlar vasitəsi ilə çözülsün. Lakin İrəvan qeyri-konstruktiv davranışlarından və regiondakı dağıdıcılıq missiyasından əl çəkməyib. Ona görə də bəzən Azərbaycan məcbur qalaraq Ermənistanla güc dilində danışır. Ermənistan hələlik başqa dildən anlamır”. 
Parlament üzvü bəyan edib ki, postmüharibə dövründə həllini gözləyən mühüm məsələlərlə bağlı addımlar atılır. 10 noyabr birgə Bəyannaməsi də Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsini tələb edir: “Azərbaycan güc yolu ilə torpaqlarını azad etdikdən sonra dövlət sərhədlərinin mühafizə sistemini yaratmalıdır. Ermənistan bunu dərk etməli və qəbul etməlidir. İki ölkənin sərhədləri mütləq delimitasiya və demarkasiya olunmalıdır. Başqa yol yoxdur. Üçtərəfli sazişə imza atan tərəflərdən biri – Rusiya da həm prezident, həm də xarci işlər naziri səviyyəsində sərhədlərin müəyyən olunmasının vacibliyini vurğulayır. Hətta Rusiya XİN rəhbəri Sergey Lavrov da bildirdi ki, Moskva kartoqrafik məlumatların verilməsi ilə bağlı dəstək verməyə hazırdır. Əslində Azərbaycan da SSRİ-nin vaxtındakı kartoqrafik məlumatlara istinad edərək sərhədlərin müəyyənləşməsi işini həyata keçirir. Ermənistanın ajiotajı, məsələni beynəlmiləlləşdirmə niyyətləri isə düşmənin riyakarlığından, regionda sülhün qarşısının alınması cəhdlərindən xəbər verir”. 

E.Mirbəşiroğlu qeyd edib ki, ermənilər heç bir halda yaşanmışlardan dərs almırlar. Amma belə yanaşma onların ziyanınadır:

“Azərbaycan Ordusu 16-20 may tarixlərində növbəti hərbi təlimlərini keçirdiyi halda erməni silahlı birləşmələrindən xəbər-ətər yoxdur. Azərbaycanın gücü yerindədir, əgər erməni tərəfi dinc yolla məsələlərin həllinə getməsələr, növbəti dərsi ala bilərlər. Dövlət başçısı İlham Əliyev bu məqamı amerikalı müşavirin diqqətinə də çatdırdı. Vurğuladı ki, Ermənistanın sərhəd məsələsini beynəlmiləlləşdirmə cəhdləri yolverilməzdir. İndiyədək sərhədlərin müəyyən olunmasında hansısa qarşıdurma, silahlı insident baş verməyib. Amerika rəsmiləri erməniləri riyakarlıqdan, saxtakarlıqdan çəkindirməyə çalışmalıdırlar”.