Zəngəzura əngəl yaransa, biz də Laçın dəhlizini qapatmalıyıq

"Rusiyalı ekspertin KTMT “sülhməramlılarını” ortaya atması Azərbaycanın Zəngəzurla bağlı iddialarının qarşısını almaqdır"



PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib ki, Ermənistan parlamentinin yeni tərkibi seçilənədək rəsmi İrəvanla istənilən danışıqların aparılmasının mənası yoxdur. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan rəhbərliyindən konstruktivlik gözləməyə dəyməz:

“Paşinyan utanmadan, gözlərini döyərək bəyan edir ki, Zəngəzur dəhlizinin yaradılması məsələsi üçtərəfli formatda müzakirə olunmayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə yerüstü əlaqə əldə etməsi o danışıqların və üçtərəfli bəyanatın əsas mövzulardan biridir. Çünki Zəngəzur dəhlizi mövzusu Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasındakı Laçın dəhlizi mövzusu ilə bilavasitə bağlı idi. Hazırda bu dəhlizin təhlükəsizliyi isə Rusiya sülhməramlıları tərəfindən təmin olunur”.

Bura qədər rusiyalı ekspertin mövqeyini normal hesab etmək olar. Amma Arkov daha sonra iddia edib ki, KTMT Zəngəzur dəhlizi məsələsinin həllində mühüm rol oynaya bilər və bu daha məntiqlidir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinin, ümumiyyətlə, danışıqlar yolu ilə həll edilməsi mümkün olmayacaq: “Təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün Zəngəzura KTMT-nin himayəsi altında sülhməramlı qüvvələr qrupu göndərilməlidir”. Məlumdur ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya hərbçiləri həyata keçirəcək. Belə olan halda rus hərbçilərinin KTMT “sülhməramlıları” ilə əvəzlənməsi barədə təklif nəyə hesablanıb? 

Məsələni “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, rusiyalı ekspertin KTMT “sülhməramlılarını” ortaya atması Azərbaycanın Zəngəzurla bağlı iddialarının qarşısını almaqdır. Ekspertin sözlərinə görə, digər məqam isə Rusiyanın Ermənistanı tamamilə özünə bağlamaq istəməsi ilə bağlıdır:

“Hamı yaxşı bilir ki, KTMT elə Rusiyadır. Yəqin ki, rus analitik təşkilatı bizə “tövsiyə” edərkən qurum çərçivəsində rus qoşunları ilə yanaşı, Belarus və Qazaxıstan hərbçilərinin olmasını da nəzərdə tutub. Amma NATO dedikdə necə hər kəs ABŞ-ı göz önünə gətirirsə, KTMT də birbaşa Rusiya deməkdir. Bu təşkilat çoxlarının qəbul etdiyi hansısa beynəlxalq statusa malik deyil. Məncə, məqsəd qarışıqlıq salmaq və prosesi yubatmaqdır. Nəzərə alaq ki, bu cür çıxış və təkliflər 10 noyabr üçtərəfli sazişinin pozulması deməkdir. Dövlət başçısı İlham Əliyevin təkidi ilə Zəngəzur dəhlizi və onun təhlükəsizliyi məsələsi üçtərəfli Bəyanatda yer alıb. Əgər Rusiya, yaxud Ermənistan hansısa formada Zəngəzur dəhlizindən imtina edirsə, yaxud redaktə niyyətinə düşürsə, buna cavab olaraq biz də Laçın dəhlizini qapatmalıyıq. Ya da dəhlizə nəzarəti öz əlimizə almalıyıq. İstənilən halda və bütün məsələlərdə mövqeyimiz qəti və sərt olmalıdır”.