Güzəşt olmayacaq: “Başkəndi verməyimiz mümkün deyil”

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla-Ermənistan arasında yeni sənədin imzalana biləcəyini söyləyib. Məlumdur ki, iki ölkə arasında Zəngəzur bölgəsində, Qaragöl gölü yaxınlığında sərhəd mübahisəsi yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğuna dair fikir irəli sürür. Ölkəmiz isə sərhədlərimizi beynəlxalq normalara uyğun olaraq bərpa edir.

Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırsa da, görünür, Nikolun beynində başqa fikirlər var. O, Qazağın 7, Naxçıvanın Kərki kəndinin qaytarılmasının əvəzinə Başkəndi istəyir. Lakin bu, məsələnin görünən tərəfidir. Əslində Paşinyanın erməni xislətinə uyğun olaraq nələrin izində olduğu bilinmir.

“Atlas” Arşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, Paşinyan düşünür ki, Ermənistan məğlub olsa da, qazanclı çıxmalıdır:
“Torpaqlarımızı 200 il itirə-itirə gəlmişik, bu, bizə dərs olmalıdır. Növbəti dəfə torpaqlarımızı verə bilmərik. Güzəştlərimiz o bilər ki, uzaqbaşı əlimizdə olan erməni terrorçularının bir hissəsini təhvil verərik. Amma Gədəbəyin Başkənd kəndini verməyimiz mümkün deyil. Ermənilərə torpaq güzəştindən söhbət gedə bilməz. Ancaq əlimizdəki erməni separatçılarını qaytara bilərik”.
E.Şahinoğlu qeyd edib ki, Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Paşinyan istəmir ki, erməni cəmiyyətini narazı salsın:
“Yalandan söyləyir ki, guya növbəti sənəd 100 faiz ermənilərin maraqlarına xidmət edir. Əslində isə buna kimsə inanmaz. Çünki şərtləri ancaq və ancaq Azərbaycan diqtə edir”.