Avropa Parlamentinin qərarı çox qərəzlidir

"Hərbi əsir" adlandırdıqları ermənilər Azərbaycan ərazisinə terrorçu kimi soxulublar


Avropa Parlamenti 607 səslə Azərbaycan əleyhinə erməni “hərbi əsirləri” və “mülki məhbusları” heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qətnamə qəbul edib. Qətnamədə həmçinin Bakıda açılan Hərbi Qənimətlər Parkının dərhal bağlanması tələb olunub və burada erməni həbrçilərin obrazlarının quraşdırılması qınanılıb. Vurğulanıb ki, Ermənistanın suveren ərazisinin “pozulması” narahatlıqla izlənilir. Eyni zamanda sülh sazişində Minsk qrupuna daxil olan ölkələrin iştirak etməməsindən təəssüf hissi keçirilir.

Erməni əhalisinin və “erməni abidələrinin” təhlükəsizliyinin təmininə də diqqət çəkilir. Heç şübhəsiz, AP-nin Azərbaycana qarşı qəbul etdiyi bu qərarın tamamilə siyasi xarakter daşıdığı və reallığın təhrif edildiyi açıqca ortadadır. Milli Məclis sədri Sahibə Qafarova Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsini “kağız parçası” adlandırıb. Spikerin sözlərinə görə, Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur: “Erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərəfli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”. Deputat Siyavuş Novruzov isə bəyan edib ki, Avropa Parlamentinin “hərbi əsirlər”lə bağlı qəbul etdiyi qətnaməyə münasibətimizi kəskin şəkildə qoymalı, buna adi sənəd kimi yanaşmamalıyıq: “Bu, kağız parçası deyil, ortada sənəd var. Hansısa deputatın çıxışı daxili auditoriya üçündür. Amma xarici auditoriya üçün parlamentin çox sərt bəyanatı olmalıdır. Etiraz edilməlidir ki, Avropa İttifaqının üzvü olmayan bir ölkə ilə bağlı hansı haqla qərar qəbul edirlər? Onda biz də Fransada hicaba qoyulan qadağa ilə bağlı, qondarma “erməni soyqırımı” iddialarına qarşı qətnamə qəbul edək, yayaq”. 

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında olub və bu müddətdə Ermənistan dövlət nümayəndələri tərəfindən verilən açıqlamalar Azərbaycan üçün daha çox narahatedici idi. Analitik vurğulayıb ki, münaqişənin ilk dövrlərindən aydın oldu ki, problemin həll edilməsi ATƏT-in Minsk qrupunun marağında deyil:

“Birinci Qarabağ savaşı müddətində, sonrakı dövrdə Ermənistan Silahlı Qüvvələri və terrorçu dəstələri azərbaycanlılara qarşı soyqırım və kütləvi qətllər törədiblər. Həmçinin, işğal edilmiş əraziləri tamamilə xarabalığa çeviriblər. Bütün bunların, xüsusilə Ağdamın tamamilə dağıdılmasının hesabı Ermənistandan soruşulmalı və bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan artıq məscid, minlərlə maddi-mədəniyyət nümunələri dağıdılıb. Milyondan artıq vətəndaşımız Qarabağdan kütləvi surətdə qovulub. Avropa Parlamenti üçün birinci narahatedici məsələ məhz bu məqamlar olmalıdır”.

S.Hümbətov bəyan edib ki, müharibə dövründə əsir götürülmüş 4300-dən artıq azərbaycanlıdan hələ də xəbər-ətər yoxdur:

"Avropa Parlamentinin "hərbi əsir" adlandırdığı erməni terrorçuları 44 günlük savaş müddətində deyil, üçtərəfli razılaşmadan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxulduqları üçün saxlanılıblar. Avropa Parlamenti neytrallığını göstərmək istəyirsə, qeyd edilənləri qarşı tərəfdən də tələb etməlidir”.