ABŞ bölgədəki güclərin fərqindədir

Praqmatik maraqlar Bakı ilə əməkdaşlığı vacib hala gətirir

Baydenin münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda köməyə hazır olması Prezident İlham Əliyevin çağırışına cavab kimi də dəyərləndirilə bilər


Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda ikitərəfli əlaqələrə, bir çox sahədə davam edən əməkdaşlığa diqqət çəkilib. Həmçinin vurğulanıb ki, Ağ Ev ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və Xəzərlə bağlı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

Bayden Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi dəstəyə görə minnətdarlıq da ifadə edib. Məktubda maraq doğuran məqamlardan biri də Qarabağ ətrafında baş verənlərə münasibətlə bağlıdır. Amerika prezidenti bəyan edib ki, Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlara kömək etməyə sadiqdir: “Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha firavan bir dövlət kimi çıxmasına ümid edirəm”. 

Ekspertlərə görə, ABŞ Prezidenti Co Baydenin növbəti dəfə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması rəsmi Bakı ilə əməkdaşlığı davam etdirməyə sadiqliyin göstəricisidir. Bayden anlayır ki, Azərbaycan güclü və qalib dövlətdir, bölgədəki meqalayihələrin ideya müəllifidir. Praqmatik maraqlar Bakı ilə əməkdaşlığı vacib hala gətirir. Xüsusən Amerikanın milli təhlükəsizlik və strateji maraqları Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Son günlər Amerika rəsmilərinin ardıcıl telefon zəngləri də göstərir ki, Ağ Ev Azərbaycanın regionda mühüm oyunçu olduğuna şübhə ilə yanaşmır. 

Siyasi şərhçi, araşdırmaçı-jurnalist Asif Nərimanlı bildirib ki, Baydenin Prezident İlham Əliyevə təbrik məktubunun mətnində iki məqam diqqət çəkir. Analitik vurğulayıb ki, ABŞ-ın Xəzərdəki Anlaşma Memorandumunu alqışlaması Vaşinqtonun Transxəzər layihəsinə dəstəyinin ifadə edilməsidir:

“Türkmən qazı Bakıya çatdırılmasa, Avropanın enerji ehtiyacı tam ödənməyəcək. Bayden bu məqamı xüsusi vurğulamaqla Avropaya da enerji təhlükəsizliyinin Vaşinqtondan asılı olduğu mesajını çatdırır. Bu, Vaşinqtonun “Şimal axını-2” layihəsinə qarşı sanksiyaları götürməsi fonunda diqqət çəkir. Mümkündür ki, “Şimal axını-2” layihəsinə maneənin yaradılmaması qarşılığında ruslardan Transxəzərə müdaxilə etməməsi istənilib. Moskva öz layihəsini başa çatdırana qədər neytral qala bilər”. 

A.Nərimanlıya görə, “ABŞ həmsədr ölkə olaraq münaqişənin uzunmüddətli siyasi həllini istəyir” ifadəsi ikimənalıdır:

“Prezident İlham Əliyev Vaşinqtona postkonfilikt dövründə münasibətləri normallaşdırmağa kömək etməsi ilə bağlı çağırış etmişdi. Baydenin münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda köməyə hazır olması bu çağırışa cavab kimi dəyərləndirilə bilər. Lakin burada Vaşinqtonun bəhs etdiyi “danışıqlar” Bakının münaqişənin həll edildiyi ilə səsləndirdiyi tezisinə zidd görünür. Əslində Baydenin ikimənalı ifadəsi Bakıya ABŞ-ın istəkləri, xüsusilə regionda açılacaq kommunikasiya xətlərindən istifadə məsələsində bir mesaj da hesab oluna bilər”.