Ermənipərəst deputatın sərsəm açıqlamaları seçkiyə hesablanıb

"Rusyönümlü qüvvələrin mövqeyini gücləndirməyə çalışırlar"


Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin təxribat xarakterli fikirlər səsləndirib. Zatulin bildirib ki, “Bakı Qarabağın müstəqilliyi ilə razılaşmalıdır”. Onun sözlərinə görə, “Qarabağın erməni əhalisi Azərbaycanın daxilində yaşamağa hazır deyil”. Rusiya Dövlət Dumasının ermənipərəst deputatı daha sonra fikirlərinə əlavə edib ki, əsas problem, yəni “status” məsələsi həll olunmamış qalır:

“Əvvəl danışıqlarda Qarabağın müstəqilliyinin əvəzində bəzi rayonların Azərbaycana qaytarılması məsələsi gündəmdə indi. İndi bu ərazilər hərbi əməliyyatların dayandırılması qarşılığında təslim edildi. Beləliklə, status məsələsi həll olunmamış qaldı”. Zatulin sərsəmləyərək bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi referendum variantı “müstəqillik” əldə etməyi nəzərdə tuturdu: “Azərbaycan bunu başa düşdü və hərbi qisasa üstünlük verdi. Ona Türkiyənin köməyi və “məxməri inqilab”dan sonra Ermənistan və Rusiya arasındakı münasibətlərin pisləşməsi kömək etdi”.

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov vurğulayıb ki, Rusiya Dövlət Dumasının ermənipərəst deputatının söylədiyi fikirlər heç də Moskvanın rəsmi mövqeyi kimi qəbul edilə bilməz:

“Təbii ki, Rusiyada, xüsusilə də siyasi elitada ermənipərəst mövqeyi ilə seçilənlər kifayət qədər çoxdur və onlar mümkün qədər erməniləri və Ermənistanı dəstəkləməyə çalışırlar. İstər indi, istərsə də 44 günlük İkinci Qarabağ savaşında Konstantin Zatulinin mediada Azərbaycan əleyhinə və Ermənistan leyhinə çıxışlar etdiyinin şahidi olmuşuq. Rusiyadakı bəzi dairələrin indiki məqamda bu cür sərsəm və məntiqsiz açıqlamalar verməsinin əsas səbəblərindən biri 20 iyunda Ermənistanada keçiriləcək seçkilərə təsir etməkdir. Yəni bu fikirləri söyləməklə Ermənistanda seçkilərdə iştirak etmək istəyən rusyönümlü qüvvələrin mövqeyini gücləndirməyə çalışırlar. Hesab edirəm ki, Rusiyadakı bəzi dairələrin belə fikir səsləndirməsi Azərbaycanı məcbur edə bilər ki, xarici siyasətinə yenidən baxsın”.