“Ermənistan növbəti dəfə çirkin senarini işə salmaqla ilk növbədə Qərbin diqqətini yenidən Azərbaycanla Ermənistan arasında yaşanan son proseslərə cəlb etməyə çalışır”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, ermənilər həmişə olduğu kimi yenə də Azərbaycanı beynəlxalq təzyiqlərə məruz qoymaq istəyirlər:
“Ermənilərin bu hiyləgər taktikası əvvəllər işləyirdi və müəyyən dərəcədə effekt də verirdi. Lakin indi bu cür taktikalar köhnəlib. Paşinyan və rəqibləri reallıq hissini itirərək, seçkiqabağı mövqelərini möhkəmləndirmək üçün bütün vasitələrə əl atırlar. Sərhədlərin demarkasiyasına mane olmaq üçün yaratdıqları “şou”lar, sərhəddə törətdikləri təxribatlar ilk növbədə onların seçki maraqlarına xidmət edir. Ancaq onlar bu cür təhlükəli oyunların Ermənistana necə baha başa gələcəyini dərk etmirlər. Bu gedişlə Ermənistanı xaosa, məhvə sürükləyirlər”.