“Paşinyan böyük ehtimalla qalib gələcək. Lakin hakimiyyəti əllində saxlaya biləcəyi sual altındadır”
Ermənistanda seçki ərəfəsində vəziyyət qarışıqdır. Bu durum təxminən qaynamaqda olan və hər an daşa bilən çaydan xatırladır. Qaynar suyun kimin- hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın, keçmiş prezidentlər Ter- Petrosyanın, Robert Köçəryanın ya başqa birinin başından aşağı töküləcəyi isə hələlik sual altındadır. Amma mütləq “çanaq kiminsə başında çatlayacaq”.
Düşmən ölkədəki daxili vəziyyəti “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, iyunun 20-də “yer yerindən oynayacaq”:
“Köçəryan və Petrosyanın müsahibələri, Paşinyanın anti-rus siyasəti, hətta kommunikasiyalarla bağlı danışıqlardan çıxması, Fransaya səfəri onu deməyə əsas verir ki, seçkiləri gərgin şəraitdə keçəcək. Ermənistan ATƏT-i, ABŞ-ı və Fransanı proseslərə cəlb etmək, Azərbaycanla sərhəddə həmin ölkələrin hərbi hissələrinin yerləşməsini istəyir. Beləliklə, Azərbaycan, Türkiyə və Rusiya amillərini görməzdən gəlir. Onun ən böyük əleyhdarı isə Köçəryandır. Keçmiş prezident Paşinyanla bağlı bir sıra məsələlərin, o cümlədən etiraz aksiyasının keçirilməsinin nəzərdə tutulduğunu deyib. Görünür, Paşinyanın asanlıqla qalib gəlməsi qəbul edilməyəcək və mitinq keçiriləcək”.
Ə.Əlibəyli, həmçinin Paşinyanın gələcək siyasi karyerası barədə də danışdı:
“Ayın 20-də ya işçtirakçılar hökumət binasını ələ keçirəcək, ya Paşinyan polislərin gücü ilə mitinqi yatıracaq, ya da proseslərə ordunun müdaxiləsi olacaq. Məncə, üçüncü ehtimal daha realdır. Fikrimcə, İrəvanda vətəndaş müharibəsi, lokal toqquşmalar olacaq. Paşinyan böyük ehtimalla qalib gələcək. Lakin hakimiyyəti əllində saxlaya biləcəyi sual altındadır. Çox güman, iki il yarım əvvəl Sarkisyanın başına gələn ssenari yenə təkrarlanacaq. Bu dəfə “baş qəhrəman” məhz Paşinyan olacaq”.