Saakaşvili Gürcüstana qayıdır? - “...Hakimiyyət dəyişə bilər” 

Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ölkəsinə qayıdacağı vaxtı açıqlayıb. O, qeyd edib ki, payızda baş tutacaq referendumdan əvvəl gürcü xalqına bir sürpriz hazırlayırıq.
Saakaşvii bildirib ki, onların planları barədə çoxlu suallar var:

"Mənim və ümumiyyətlə bizim planlarımız barədə çox sayda suallar var. Payızda, referendumdan öncə, İvanişvili və onun yoldaşlarına ciddi bir sürpriz hazırlayırıq. Bunu tam ciddiliyimlə deyirəm. Gürcü xalqına da yaxşı bir sürpriz hazırlayırıq. Buna milyonlarla insan sevinəcək, 100, 200-500 insan isə kədərlənəcək. Kədərlənənlərin hər biri soyuq su içsin".

Saakaşvili Gürcüstanda payızda baş tutacaq seçkilərdən əvvəl Tbilisiyə qayıdacağını söyləyib.

Hazırda Gürcüstanda siyasi böhranın yaşandığını bildirən siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, hakimiyyət ölkəni tam olaraq nəzarətdə saxlaya bilmir:

“Ölkədə həmçinin iqtisadi böhran da var. Gürcüstanın milli valyutası sürətli şəkildə aşağı düşür. Əhali əsas gəlir mənbəyi hesab olunurdu, lakin pandemiyaya görə vəziyyət pisləşib. Çünki turistlər də Gürcüstana gəlmir, kiçik və fərdi sahibkarların durumu yaxşı deyil, əhalinin dolanmasında çətinlik var. Ona görə də əhali arasında böyük narazılıq var.

Düşünürəm ki, Saakaşvilinin belə bir məqamda Gürcüstana gəlməsi əslində ölkədəki dinamikanı yenidən oynada bilər. Bəlkə də, onun gəlməsi üçün uyğun zəmin yaranıb. Əslində Saakaşvili zamanlamanı elə seçməlidir ki, gəlişi nə həddindən artıq tez, nə də gec olsun. Çünki vaxtından tez Gürcüstana qayıtdığı zaman ola bilər ki, gəlişi mövcud proseslərə uyğun olmasın. Onda Saakaşvili imkanlarını itirə bilər. Ancaq gəlişini çox gecikdirsə də, ölkədə müxalif  hərəkatına liderlik edib, mərkəz yaratmağı çətindir. Fikrimcə, uyğun məqamı seçsə, ölkədə hakimiyyət dəyişə bilər”.