PKK Türkiyəni hədəf aldı: “Bu, həm də İrana qarşı addımdır”

Türkiyənin Hakkari vilayətinin İranla sərhəddə yerləşən Yüksəkova şəhərinin ərazisində mina axtaran türkiyəli istehkamçılar raket hücumuna məruz qalıb. Bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilib. Rəsmi məlumatda qeyd olunur ki, açılan cavab atəşi nəticəsində üç PKK-lı terrorçu zərərsizləşdirilib. Türkiyəli minaaxtaranlar arasında xəsarət alan olmayıb.

Qeyd ki, İranın Türkiyə ilə sərhəd şimal-qərb bölgəsində PKK terror qruplaşmasının İran cinahı olan “Pejak” fəaliyyət göstərir.

 Politoloq Sədrəddin Soltan sözügedən hadisə haqqında “Sherg.az”a danışdı:

“İran əvvəllər Türkiyə əleyhinə PKK-dan, Hizbullahdan istifadə edir, müxtəlif qaçaqmalçılıq işləri görürdü. Amma son illər İran özü də PKK-ya qarşı sərt tədbirlər görməyə başlayıb.

Hətta Türkiyə ilə İran arasında həmin qüvvələrə qarşı birgə mübarizə haqqında razılıq var. Odur ki, İran tərəfindən atılan raket məhz buradakı terrorçu qüvvələrin işidir.

Deməli, bu, həm də İrana qarşı atılan addımdır. Ümumiyyətlə, bildiyiniz kimi, Türkiyə İran və Suriyadakı terrorçuların sərhəddi keçməsinin qarşısını almaq məqsədilə beton divar tikib. Lakin zaman-zaman təxribat cəhdləri olur ki, bu da onlardan biridir”.