Ermənilər əsir balalarını Kremldən tələb edirlər


Rusiya səfirliyinin qarşısında baş tutan aksiya qəsdən təşkil olunub

İtkin düşmüş və əsir götürülmüş erməni hərbçilərinin valideynləri oğullarının vətənlərinə qayıtmalarına kömək etməsi üçün Rusiyanın Ermənistandakı səfirliyinin binasına toplaşıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Etirazçılar ümid edirlər ki, Rusiya hakimiyyəti Bakıya təsir göstərəcək və övladlarının qayıtmasına nail olacaq: “Uşaqlarımızı geri qaytara biləcək başqa bir qüvvə yoxdur”.

Məsələ ilə bağlı siyasi analitik Turab Rzayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistanda insanlar uzun müddət Paşinyan hakimiyyətindən öz övladlarını geri istədilər və bununla bağlı mübarizə apardılar. Lakin heç bir yekun nəticəyə nail ola bilmədilər. İndi isə bununla bağlı Rusiya səfirliyinin qapısını döyürlər və ondan kömək istəyirlər. Analitik qeyd edib ki, bu bir təbii hal kimi gözlənilən idi:

"Amma burada başqa məsələlərin olması ehtimalı da var. Bilirsiniz ki, Paşinyan son dövrlər ölkədə anti-Rusiya əhvalını artırmağa və bundan yararlanmağa çalışır. Ən son Fransaya gedəndə Rusiyaya da söz vurdu ki, Fransa bizim birmənalı olaraq yanımızdadır. Yəni bəzi ölkələr kimi ikili mövqe sərgiləmir. Ona görə də erməni xalqının Fransaya xüsusi simpatiyası var. Əslində onun bu sözü açıq-aşkar şəkildə Rusiyaya vurduğu bəlli idi. Fikrimcə, bu səbəbdən də itkin düşmüş və əsir götürülmüş erməni hərbçilərinin valideynləri Paşinyan tərəfindən qızışdırıla bilər. Yəni o demək istəyir ki, əslində Rusiya bizə kömək etmədiyi üçün hərbi əsirlər hələ də Azərbaycandadır. Ona görə də bunu Rusiyadan tələb edin. Ya da sadəcə olaraq xalqın öz fikri ola bilər ki, Ermənistanın bu məsələlərə gücü çatmır və bizə öz övladlarımızı yalnız Rusiya verə bilər. Təbii ki, bu da bir ehtimaldır. Amma düşünürəm ki, bunun istənilən halda Paşinyanın Fransaya səfəri sonrası baş verən hadisələrlə bir bağlılığı var. Ya Paşinyanın özü tərəfindən, ya da ona müxalif olan qüvvələr tərəfindən bu proseslər baş verir".

T.Rzayev qeyd edib ki, biz bu fürsətdən istifadə edib erməni cəmiyyətinə mümkün qədər çox yeritməliyik ki, onlar öz hökumətlərindən hərbi minaların yerləşməsi ilə bağlı xəritələri tələb etsinlər:

"Biz də mina xəritələrindən sonra həmin insanları azad edə bilərik. Fikrimcə, həmin insanların valideynləri hökumət üzərində təzyiq qoya bilərlər".