Onun Minsk qrupundan əminliklə danışması yenə aranı qarışdırmaq məqsədi güdür
"Bundan sonra Fransanın bizim ərazimizdə nə işi var? Nəyə, kimə vasitəçilik edəcək?"
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Makron məktubunda vurğulayıb ki, Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Fransa prezidenti növbəti dəfə bəyan edib ki, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyası və “hərbi əsirlərin” öz yaxınlarına qovuşa bilmələri çox mühümdür:
“Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm. İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək”. Makron ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın dialoq təşəbbüslərini də diqqətə çatdırıb:
“Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər”.
Fransa prezidentinin məktubunu “Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov Makrona “təşəkkürünü” bildirsə də, məktubda qeyd olunan qaranlıq məqamlara da diqqət çəkib. Deputat vurğulayıb ki, Azərbaycan tərəfi ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, bizdə “hərbi əsir” yoxdur:
“Həbsdə saxladıqlarımız erməni terrorçularıdır. Onlar üçtərəfli müqavilə imzalandıqdan sonra Azərbaycan ərazilərinə keçərək burada təxribat törətmiş diversantlardır. Həmin cinayətkarlar qanunlarımıza uyğun olaraq öz cəzalarını alacaqlar. 10 noyabr sazişinə qədər Azərbaycan Ordusunun ələ keçirdiyi bütün erməni əsirlər Ermənistana qaytarılıb. Makron bu məsələni yenidən qabartmaqla çox səhv edir. Əgər bilmirsə, getsin, bir-iki hüquq kitabı oxusun və kimlərə hərbi əsir deyildiyini öyrənsin. Çox güman ki, bu reallığı Makron bilməmiş deyil. Sadəcə, öz ermənipərəstliyini sübut etmək üçün dəridən-qabıqdan çıxır. Makron məktubunda Minsk qrupundan əminliklə danışır. Minsk qrupu yarandığı gündən indiyədək Azərbaycanın əleyhinə fəaliyyət göstərib. Ortada bir münaqişə var idi və Fransa həmsədr, vasitəçi ölkə statusunu daşıyırdı. Artıq münaqişə bitib və Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edib. Sərhədlərimizi bərpa edəcəyik və mühafizəsini də təşkil edəcəyik. Bundan sonra Fransanın bizim ərazimizdə nə işi var? Nəyə, kimə vasitəçilik edəcək? Yenə gəlib ara qarışdırmaq, suyu bulandırmaq istəyirlər. Rəsmi Bakı Minsk qrupunun yararsız missiyasından birdəfəlik imtina etməlidir. Makron 44 günlük müharibədən əvvəl də, savaş zamanı da, elə indi də anti-Azərbaycan mövqeyini israrla davam etdirir. Ermənilərdən çox erməniliik edir. Yoxlasalar, valideynlərindən biri mütləq erməni çıxacaq. Məncə, Makronun fəallaşmasının arxasında Paşinyanın Fransaya səfəri dayanır”.
Parlament müxbiri qeyd edib ki, Azərbaycan həmişə Fransa ilə əməkdaşlıq etməyə, tərəfdaşlıq münasibətləri qurmağa çalışıb: “Rəsmi Parisdən fərqli olaraq biz hər zaman normal əlaqələr qurulmasını istəmişik, ədalətli mövqe tutmuşuq, səmimi olmuşuq. Amma Fransa saxtakarlıq edib, riyakar olub. Fransanın sabiq prezidenti Sarkozi demişdi ki, “Ermənistan Fransanın kiçik bacısıdır”. Mən də bildirmişdim ki, Sarkozi düz deyir, Ermənistan Fransanın çox əxlaqsız, tərbiyəsiz kiçik bacısıdır. Təəssüflər olsun ki, Fransa rəhbərliyinə gələnlərin hamısı eyni mövqe sərgiləyirlər. Makron isə hamısından betərdir. Bilmirsən ki, hansı məqsədə qulluq edir. Bir gün fransızlar oyanıb görəcəklər ki, Makron ölkəni Ermənistana çevirib”.