Terrorçuların Ermənistana geri verilməsiylə bağlı məsələlər mümkün qədər arxa planda tutulmalıdır
“Erməni terrorçuların və müharibə cinayətkarlarının hamısıyla bağlı məhkəmə prosesi keçirməli, bu şəxslərin törətdiyi cinayətlərə bağlı faktları mümkün qədər incəliklə öyrənməli, lazımi hissəsini ictimailəşdirməliyik”. Bu sözləri “Şərq”ə açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Ekspert bildirib ki, onların Ermənistana geri verilməsiylə bağlı məsələlər mümkün qədər arxa planda tutulmalıdır: “Bu şəxslər Ermənistanın müharibə cinayətlərini atəşkəsdən sonra da davam etdirdiyinin canlı sübutlarıdır. Bilirik ki, Ermənistana verilən kimi Azərbaycanda "başlarına gətirilənlər" barədə uydurulan nağılları danışaraq fərqli gündəm yaradacaqlar.
20-ci və 21-ci əsrlərdə dəfələrlə hansısa "ümumi ideoloji maraqlar", "ümumi dəyərlər" və s. adı altında Azərbaycan güzəştə gedib. Ermənistan isə ərazilərini genişləndirib, ərazimizdə soyqırım törədib.
Xocalı soyqırımından öncə də sülh danışıqları, guya, sürətlənmişdi. Hətta Şuşanın və Kəlbəcərin işğalından öncə də müzakirələr gedirdi. Şuşaya qalxan yollardan minaları da sülhə görə təmizləmişdilər. Biz minaları təmizləyirdik ki, sülh olsun. Onlar hətta məğlub olduqları müharibəni başa çatdıran atəşkəsdən sonra bizim ərazilərimizdə mina döşəyirlər”.
Analitikə görə, Ermənistana işğal altında tutduğu əraziləri tərk etmək üçün əlavə vaxt verilməsinin vasitəçisi olan dövlət - Rusiya həm də 10 noyabr tarixli üçtərəfli bəyanatın təminatçısıdır:
“Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi, ya da minalardan təmizlənməsi ilə bağlı Ermənistanın da, Rusiyanın da məsuliyyəti var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan üzərində təzyiq yaratmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər etməlidir. Amma Rusiyaya da məsuliyyəti tez-tez xatırladılmalıdır”.