Ən yaxşı zamandır

Türkiyənin vasitəsilə NATO ilə əlaqələrimizi genişləndirə bilərik

Vətən savaşında Azərbaycanın hərbi performansı alyans ölkələrinin də marağına səbəb oldu


Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını davam etdirir. Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlığa maraq göstərməsi də ölkəmizin bölgədə və ümumilikdə dünya arenasında mühüm rola malik olmasının bariz nümunəsidir. Rəsmi Bakının hər zaman xüsusi önəm verdiyi təşkilatlardan biri də Şimali Atlantika Müqaviləsi Təşkilatı, yəni NATO-dur. Hərbi alyansla münasibətlərimiz 1992-ci ilin martında rəsmi Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və qurumun baş katibi Manfred Vernerlə görüşüb. 1997-ci ildən təşkilatın Avro-atlantika Əməkdaşlıq Şurasının üzvüyük.

Elə həmin ildə Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. Əməkdaşlıq dövründə Azərbaycan qurumun çoxsaylı təlimlərində, treninqlərində, təhsil və digər proqramlarında iştirak edib, qarşılıqlı səfərlər həyata keçirilib. Həmçinin, NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirilməsində iştirak edib. Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar. Azərbaycan Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında hərbi alyansla birgə işləyir. Qardaş Türkiyənin təşkilatın ən önəmli ölkələrindən biri olması reallığı hərbi alyansla rəsmi Bakının əlaqələrinə müsbət təsir göstərən amil sayılır. 

Ötən gün “Azərbaycanın Avro-Atlantik məkanının sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, NATO ilə siyasi dialoq və əməkdaşlığın daha da genişləndirilməsini istəyirik. H.Hacıyev deyib ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında NATO-nun aktiv mövqeyi təqdirəlayiqdir:

“NATO ölkələri ilə davamlı dialoqu yüksək qiymətləndiririk. Bu yaxınlarda NATO-nun Baş Qərargahına səfər etdim, maraqlı, vacib müzakirələrimiz oldu, Cənubi Qafqazdakı münaqişədən sonrakı vəziyyətlə bağlı məlumat verdik. NATO ilə siyasi dialoqla yanaşı, praktik əməkdaşlıq sahəsində də uğurlu əməkdaşlığımız var. Buna misal olaraq Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Azərbaycan NATO-ya hava yolu ilə logistika dəstəyi də göstərir”. 

Nüfuzlu beynəlxalq təşkilatla Azərbaycanın əməkdaşlığını “Şərq”ə təhlil edən AMİP sədri Arzuxan Əlizadə vurğulayıb ki, NATO-nun aparıcı ordusu Türkiyə Silahlı Qüvvələridir. Partiya sədrinin sözlərinə görə, hərbi alyansda ikinci dövlət məhz Türkiyədir:

“Qardaş ölkə vasitəsi ilə təşkilatla əməkdaşlığımızı genişləndirə bilərik. 44 günlük Vətən savaşında Azərbaycanın beşinci nəsil silahlardan istifadə etməklə yeni hərbi performans göstərməsi dünyada böyük rezonansa səbəb oldu. Ələlxüsus, NATO-nun aparıcı dövlətlərində, Qərbin hərbi gücü ilə tanınan ölkələrində ciddi maraq doğurdu. Özləri etiraf etdilər ki, Azərbaycanın apardığı müharibə taktikası Avropa dövlətlərinin hərbi tədris ocaqlarında öyrənilməkdədir. Bu, əlaqələrin inkişafı üçün mühüm amildir. Amma təşkilatla əməkdaşlığımız illər öncəyə dayanır. Uzun illərdir sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edirik. Rəsmi Bakı bütün dövrlərdə hərbi alyansla əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. Qərb strukturundan da eyni münasibəti görmüşük. Partiya sədri kimi bu siyasəti təqdir edirik. Fikrimcə, Azərbaycan ən yüksək səviyyədə NATO ilə əməkdaşlığı davam etdirməlidir. Minalanmış xəritələrin alınması prosesində ABŞ-ın birbaşa iştirakı və qonşu Gürcüstanı bura qoşması NATO-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfədir. Prezidentin köməkçisinin açıqlaması da mühüm olmaqla yanaşı, həm də anonsdur. Hikmət Hacıyevin sözlərindən aydın olur ki, Azərbaycan hökuməti NATO ilə əməkdaşlıqda, Qərbə inteqrasiyada maraqlıdır. Qardaş Türkiyə ilə birlikdə təşkilatdakı rolumuzun miqyasını mümkün qədər genişləndirməliyik”. 

A.Əlizadə vurğulayıb ki, Qoşulmama Hərəkatına üzvlüyümüz NATO ilə əlaqələrə heç bir maneçilik törətmir:

“Azərbaycanın hərbi alyansa birbaşa üzvlüyündən söhbət getmir. Ən azından indiki mərhələdə bunun müzakirəsi aparılmır. Uzun zamandır bu istiqamətdə çalışan postsovet ölkələri – Moldova, Ukrayna, Gürcüstan belə quruma üzv ola bilməyiblər. Rəsmi Bakının indiki hədəfi hərbi alyansla çoxşaxəli əməkdaşlıq formalaşdırmaqdır. Üzvlük çox vaxt aparan prosesdir və gələcəyin məsələsidir”.