Danışmaq olar, barışmaq yox!

Bayden görüşdə Putinin ən zəif yerindən vurub

"ABŞ Rusiya və Çinin maraqlarının toqquşmasından fayda əldə edə bilərdi"


İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında geniştərkibli və məhdud tərkibdə baş tutan görüşlər fasilələrlə 4 saat yarım davam edib. Görüşdən bir qədər sonra isə Putinin mətbuat konfransı keçirilib. Rusiya rəhbəri bildirib ki, bir neçə ay bundan əvvəl qarşılıqlı olaraq geri çağırdıqları səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə edilib: “ABŞ Prezidenti Co Baydenlə görüş yaxşı keçdi. Strateji sabitlik, kibertəhlükəsizlik, regional münaqişələr, ticarət münasibətləri, eləcə də Arktikada əməkdaşlığı müzakirə etdik”. Co Bayden isə Cenevrəni tərk etməzdən öncə bunları söyləyib:

“Rusiya var gücüylə böyük dövlət statusunu saxlamağa çalışır. Amma Rusiya hazırda çox çətin vəziyyətdədir. Çin onlara təzyiq edir”. Liderlərin açıqlamaları görüşün nisbətən normal keçdiyini göstərir. Vaşinqton və Moskva “qırmızı xətləri” keçməmək şərti ilə düşmənçiliyi bir qədər səngitmək qərarına gəlirlər, amma barışmırlar. Çünki xarici təhdidləri hər iki tərəf nəzərə almalıdır. ABŞ-ın əsas hədəfi Çindir, Rusiya isə Uzaq Şərqə uzanan strategiyada “təhdid obrazı” rolunu oynayır. 

“Putinlə Bayden arasında bu razılaşmalar oldu” 

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib ki, Putinlə amerikalı həmkarı Co Baydenin görüşünü səmərəli hesab etmək olar: “Konkret nəticələrə bənzəyən şey - səfirlərin geri qaytarılması, strateji təhlükəsizlik, kibertəhlükəsizliyə dair məsləhətləşmələrdir. Bunlar görüşün məhsuldar olduğunu düşünmək üçün kifayətdir”. 

“Putin-Bayden görüşündə ən böyük nailiyyət...” 

Rusiyalı siyasi ekspert Sergey Orconikidze isə bildirib ki, Putin və Baydenin nüvə müharibəsinin qalibinin olmadığını təsdiqləməsi sammitin ən vacib nailiyyətidir: “Bu, zirvənin ən vacib nailiyyətidir. Bu günün reallığında geosiyasi fikir ayrılıqlarına baxmayaraq, dövlətlərdən belə bir formulada razılaşma əldə etdik. Bütün digər məsələlər həll edilə bilər. Sülh şəraitində bütün mövzularda danışıqlar mümkündür”.

“Putin Baydenə rəqib deyil, təhlükədir!”

Rusiyalı politoloq Dmitri Mixayliçenko Putin-Bayden görüşünü şərh edərkən deyib ki, sammit və ona qədərki dinamika göstərdi ki, Rusiya Amerika siyasətinin dəyişikliklərindən asılıdır. Onun sözlərinə görə, Putin Rusiyası Co Bayden və Kamala Harris administrasiyası üçün uzunvədəli rəqibdən daha çox təhdiddir: “Strateji rəqib isə Çindir. Bayden seçkiləri antirusiya ritorikası hesabına qazanıb. Bu dövr daxili siyasət, Donald Tramp üzərində qələbə üçün lazım idi. Lakin Rusiya ilə münasibətlərə ciddi zərbə vurdu. İndi isə bu münasibətlərin bərpasının zamanı çatdı. Demokratlar və Vladimir Putini sevməyən eks-prezident Barak Obama Rusiyaya anidən hücum etməyi gözə ala bilməzlər. Çünki belə addım Rusiya-Çin İttifaqının güclənməsi üçün bir platforma yaradır və bu, ABŞ-da geosiyasi səhv olaraq qəbul edilə bilər”. 

“Baydenlə görüşün gərginliyi tam aradan qaldıracağını söyləmək yersiz olardı”

Liderlərin görüşünü “Şərq”ə analiz edən politoloq Azər Rəşidoğlu deyib ki, ABŞ Prezidenti Co Bayden Rusiya rəhbəri Vladimir Putinlə keçirdiyi görüşün tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib. Bayden deyib ki,  Putinə insan hüquqları ilə bağlı narahatlıqlarını dilə gətirdiyini və bundan sonra da dilə gətirməyə davam edəcəyini söyləyib:

“Bayden Putini zəif yerindən, insan haqları nöqtəsindən vurub. Ümumiyyətlə, Bayden Rusiya ilə münasibətlərin aydınlaşmasını arzulayır. Lakin görünən budur ki,  Baydenin Rusiya ilə bağlı hər hansı strateji planı yoxdur və o, Moskvaya münasibətdə  Barak Obama dövrünə qayıtmaq istəyir. Lakin Putin özünü dünyanın əsas gücü hesab edir. Odur ki, Baydenlə görüşün gərginliyi tam aradan qaldıracağını söyləmək yersiz olardı. Çin bu gün dünyanın əsas güc mərkəzinə çevrilməyi hədəfləyib. Ola bilər ki, Bayden-Putin görüşündə əsas müzakirə predmeti ABŞ-Rusiya-Çin üçbucağı olub”.

“Bayden Pekin və Moskva arasında problem yaratmaq istəyir”

Siyasi şərhçinin sözlərinə görə, zəifləməkdə olan Rusiyanı Çin əvəz edə bilər:

“Bayden və Putinin müzakirə edəcəyi əsas məsələnin bu amil olduğunu ehtimal edə bilərik. Unutmaq olmaz ki, ABŞ və Rusiya aparıcı nüvə dövlətləridir və strateji təhlükəsizlik və sabitliyə görə əsas məsuliyyət daşıyırlar. ABŞ, əlbəttə ki, Rusiya və Çinin maraqlarının toqquşmasından fayda əldə edə bilərdi. Odur ki, Bayden Pekin və Moskvanın arasında problem yaratmaq üçün əlindən gələni edir. Rusiya və Çin ABŞ-la münasibətlər mövzusunda mütəmadi məsləhətləşmələr aparırlar. Moskva və Pekin öz münasibətlərini elə səviyyəyə qədər inkişaf etdiriblər ki, bu, demək olar ki, ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”.