"Çünki Ermənistan cəmiyyəti artıq radikallaşmanı qəbul etmir"
Əsas mübarizə Paşinyanla Koçaryan arasında gedəcək
İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə ölkənin bütün keçmiş rəhbərləri ilə yanaşı, hazırkı Baş nazir Nikol Paşinyan da qatılır. Birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir. İkinci prezident Robert Koçaryan “Ermənistan” blokunun siyahısında ilk sıradadır. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının lideridir. Sery Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə “Şərəf duyuram” bloku ilə qatılır. Parlamentə düşmək üçün siyasi partiyalar 5, bloklar isə 7 faizlik baryeri aşmalıdırlar.
Seçki öncəsi sonuncu sosioloyi sorğu da keçirilib. “MPG/Gallup” təşkilatının keçirdiyi sorğuya əsasən, Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku ilk pillədə, Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim “Mülki müqavilə” təşkilatı isə ikinci pillədə qərarlaşıb. Baş nazir Nikol Paşinyanın iqtidarda olan partiyası parlamentdə yerlərin çoxunu qoruyub saxlaya biləcəyinə ümid edir. Petrosyanın, Sarkisyanın müdafiə etdiyi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın da tərəfdarları az deyil. Avropayönlü sayılan və sədri Edmon Marukyan olan “İşıqlı Ermənistan” Partiyasının da tərəfdarları var. Sonuncu parlamentdə əsas müxalifət sayılan Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası da özünü ciddi müxalifət sayır. Daşnaklar, kommunistlər və başqaları da parlament seçkiləri uğrunda yarışa qoşulublar. Seçkilərə səsvermə hüququ olan vətəndaşların 51,1 faizi qatılacaq.
Seçki öncəsi prosesləri və namizədlərin şansını dəyərləndirən politoloq Sədrəddən Soltan deyib ki, iyunun 20-də Ermənistanda keçiriləcək siyasi kampaniyada 26 siyasi partiya və blok qeydiyyatdan keçib. Analitikə görə, sonuncu rəy sorğusuna görə, Koçaryanın başçılıq etdiyi “Ermənistan” Alyansı 28 faizlə öndədir.
Paşinyanın başçılıq etdiyi “Vətəndaş razılaşması” bloku isə 25 faizlə ikinci yerdədir:
“Sorğunun nəticələrinə görə, şəhərlərdə, xüsusən Yerevanda Koçaryanın bloku üstünlük təşkil edir. Paşinyanın bloku isə daha çox kənd yerlərində üstünlüyə sahibdir. Bu o deməkdir ki, Paşinyanın nüfuzu yerlərdə Koçaryandan daha çoxdur. Paytaxtda əsasən imkanlı ermənilər yaşayırlar. Zəngin ermənilər Rusiya başda olmaqla Koçaryanı dəstəkləyən digər ölkələrlə sıx əlaqədədirlər. Rusdilli cəmiyyət Yerevanda daha çoxdur və onlar da Koçaryanı müdafiə edirlər. Nikol Paşinyanın şansı daha çox görünür. Namizədliklərini irəli sürmüş digər partiyarın, məsələn, təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyanın və qərbyönlü siyasi qüvvələrində müəyyən ölçüdə dəstəkçiləri var. Amma nəticə etibarı ilə onların səs faizi təsirli deyil”.
Siyasi şərhçiyə görə, ümumən, baxışlarına və hədəflərinə görə əsas mübarizə tərəflərini Paşinyan və Koçaryan qruplarına bölmək olar: “Ermənistanda siyasi səhnədə özlərini Qərbyönlü sayanlarla Rusiyayönlülərin mübarizəsi gedir. Radikalların bu kampaniyada uğur qazanacağı ehtimalı azdır. Çünki Ermənistan cəmiyyəti artıq radikallaşmanı qəbul etmir. Paşinyanı dəstəkləyənlərin çoxluğu da bunu deməyə əsas verir. Əvvəllər ana müxalifət sayılan “Çiçəklənən Ermənistan” Partiyası belə sorğuda 5 faiz səs toplayaraq, çox geridə qalır və liderlər sırasına düşə bilmir. Marukyanın və Sarkisyanın başçılıq etdiyi “Şərəfim var” bloku da digər bloklardan iki dəfədən çox az səs toplayıblar. Amma seçkidən sonra vəziyyətin dəyişə biləcəyi də istisna olunmur. Koçaryanın tərəfdarları seçkidə qalib gəlməzsə, böyük ehtimalla xarici qüvvələr ölkədə qarışıqlıq təşkil edə bilərlər. Koçaryan öz xəbərdarlığını bir müddət əvvəl bəyan edib. Bildirib ki, əgər seçkidə saxtakarlıq baş verərsə, ölkədə etiraz aksiyaları keçiriləcək”.
S.Soltanın fikrincə, perspektivdə əsas mübarizə Paşinyanla Koçaryan arasında gedəcək:
“Tərəflərdən hansısa biri qalib gəlsə belə Ermənistanda sabitlik tezliklə təmin olunmayacaq. Mövcud siyasi-ictimai proseslər tezliklə düzəlməyəcək. Hər şey Ermənistandakı proseslərin necə cərəyan etməsindən asılı olacaq. Yeni qurulacaq hökumət 10 noyabr üçtərəfli bəyanatına əməl edərsə, ölkənin iqtisadi durumu tədricən düzələr. Eyni zamanda regional əməkdaşlıq formalaşar. Hətta Türkiyə ilə sərhədlər də açılar, Zəngəzur dəhlizi fəaliyyətə başlayar. Ermənilər bu sayədə özlərini saldıqları blokadadan çıxara bilərlər. Əlbəttə, bütün bunların hamısı yeni hökumətin fəaliyyətindən asılı olacaq”.