Kreml hələ də sözünü tutmur

"Erməni silahlı dəstələri Qarabağ bölgəsini tərk etməyiblər"

"Rusiya daha 5 il bölgədə qalmaq üçün əllərindən gələni edəcək. Buna imkan yaratmamalıyıq"


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşdə qaçqınların Qarabağa qaytarılmasından danışıb. Təbii olaraq, Sergey Lavrov erməni qaçqınlarının bölgəyə geri dönüşü barədə söhbət aparıb. Əslində Lavrov beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə erməni qaçqınların qayıdışını ən vacib məqam kimi gündəmə gətirir. Maraqlıdır ki, heç Ermənistan hakimiyyəti Rusiya qədər qaçqınların Qarabağa qayıtması istiqamətində fəal deyil. Ermənistan hakimiyyəti məcburi şəkildə erməniləri geri qaytarmağa çalışmır, çünki etirazdan çəkinir.

İrəvan əksinə, Ermənistanda Qarabağ qaçqınları üçün minimum şərait yaratmaq üçün nələrsə edir. Rusiya hakimiyyətini isə ermənilərin Qarabağa qayıdıb hansı şəraitdə yaşayacağı maraqlandırmır. Kreml üçün önəmli olan Qarabağda daha çox erməninin yaşamasını təmin etməkdir ki, Rusiya hərbçilərinin bölgədə varlığının aktuallığı olsun. Elə buna görə müharibədən sonra Rusiyadakı mənbələr saxta məlumatlar yayaraq Qarabağda guya 50-55 min yaşadığını bildirirdilər. Halbuki, Qarabağ erməni separatçılarının lideri Araik Arutyunyan özü etiraf etdi ki, bölgədə 35 min erməni yaşayır. Bu rəqəmin ilk mənbədən açıqlanması Moskvanın yalanını ortaya qoydu. Mövcud reallıqda Qarabağdakı ermənilərin sayı azalmaqda davam edəcək. Bu isə Rusiyanın maraqlarına ziddir. Bu halda 5 ildən sonra Rusiya hərbçilərinin Qarabağı tərk etməsi aktuallaşacaq. 
Ekspertlərin fikrincə, Lavrovun Qrandi ilə bu məsələni müzakirə etməsində Moskvanın iki marağı var. Birincisi, Kreml Qərbə Dağlıq Qarabağ münaqişəsinin onun vasitəçiliyi ilə həll edildiyinin və artıq humanitar məsələlərin gündəmdə olduğunun mesajını verir. Digər tərəfdən Bakıya üçtərəfli razılaşmaların bütün bəndlərinin icrası ilə bağlı praktiki addımlar atıldığını göstərir. Lakin müzakirələrin rəsmi Bakının istəkləri və maraqları kontekstində getdiyi istisna edilmir. Vurğulanır ki, qaçqınların qayıdışı məsələsinin gündəmdə olması “münaqişənin artıq bitdiyi” tezisinə uyğundur. Ancaq hesab edilir ki, sülhməramlıların nəzarətindəki bölgəyə qayıdış üçün bir neçə məsələ həll edilməlidir. İlk növbədə erməni qoşunları bölgədən çıxarılmalı, qanunsuz separatçı rejim ləğv edilməli, bu bölgələrdə Azərbaycanın idarəçiliyi və ermənilərlə azərbaycanlıların birgəyaşayışı təmin olunmalıdır. Ermənilər yalnız Azərbaycan vətəndaşlığı altında yaşaya bilərlər. Əsas risk rus sülhməramlılarının da ermənilərlə birgə bölgədə nəzarət trayektoriyasının genişlənməsidir. 
Tanınmış bloger, “Milli.az” xəbər portalının baş redaktoru Elçin Alıoğlu sosial şəbəkədə yazıb ki, azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesinə hazırlıq gedir. Jurnalistin sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin dogma yerlərinə qayıdışı ilə bağlı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə zəruri prosedurlar çərçivəsində müzakirələr aparılır: “Müzakirələr uğurludur. Sadəcə, bunu deyə bilərəm hələlik. Vaxtilə Bakıda, Gəncədə, Sumqayıtda və s. məkanlarda yaşamış ermənilərin qayıdışı isə müzakirə mövzusu deyil”. 

Politoloq Əhəd Məmmədli “Şərq” açıqlamasında deyib ki, Rusiya XİN rəhbəri ilə BMT-nin xüsusi nümayəndəsi arasında gedən müzakirələrin müsbət tərəfi azərbaycanlıların Xankəndi və ətraf rayonlara qayıtması məsələsidir. Lakin siyasi şərhçi prosesin Rusiyanın vasitəçiliyi və nəzarəti altında baş tutacağına şübhə ilə yanaşır:

“10 noyabr Bəyannaməsinin 4-cü bəndi hələ də icra olunmayıb. Erməni silahlı dəstələri Qarabağ bölgəsini tərk etməyiblər. Halbuki, bu, Rusiyanın üzərinə götürdüyü əsas öhdəliklərdən idi. Moskva hər zaman olduğu kimi yenə vədinə sadiq çıxmadı, sözünü tutmadı. Belə məqamda Rusiyanın bütün hallara Azərbaycanın əleyhinə addımlar atacağını gözləyirəm. Əgər rəsmi Bakı məsələyə Türkiyə və Pakistanı cəlb edə bilsə, Kremlə qarşı siyasi təzyiqləri artırsa, beynəlxalq təşkilatları prosesə qoşsa, Moskva erməniləri birmənalı müdafiə etməkdən və açıq-aşkar tərəf tutmaqdan çəkinəcək. Məcbur olacaq ki, Qarabağa qayıdış məsələsində Azərbaycan tərəfinin istək və maraqlarını nəzərə alsın. Fikrimcə, Qarabağa geri dönüş prosesində daha sərt mövqe ortaya qoymalıyıq. Əks halda Kreml mümkün qədər prosesi uzadacaq, Xankəndi və ətrafını ermənilərlə doldurmağa çalışacaqlar. Rusiya daha 5 il bölgədə qalmaq üçün əllərindən gələni edəcək. Buna imkan yaratmamalıyıq”.