Qarabağı təkcə Ermənistan deyil, havadarlar da talan edib
Azərbaycan öz torpaqlarını işğaldan təmizləməklə dostlarını və düşmənlərini tanıdı. Məlum oldu ki, işğal altındakı torpaqları minalardan təmizlədiklərini iddia edənlər əslində torpaqlarımızı minalayanlara kömək göstərib və ermənilər üçün mühəndis-istehkam qurğularının tikintisində iştirak ediblər. Həmin dövlətlərə aid şirkətlər, iş adamları isə Azərbaycan torpaqlarının qanunsuz istismarı nəticəsində külli miqdarda var-dövlət sahibi olublar. Ancaq qazandıqları pulların mənbəyi barədə heç bir dövlət qurumu, vətəndaş cəmiyyəti onlardan hesab tələb etməyib. Sanki başqa dövlətlərin ərazilərində quldurluq etmək, yaxud işğalçı Ermənistanla birləşib Azərbaycan torpaqlarına ziyan vurmaqla milyonlara sahib olmaq həmin şirkətlərə tapşırıq kimi verilib. Əks halda gördükləri qanunsuz əməllərə görə öz dövlətlərində məsuliyyətə cəlb edilərdilər, yaxud hesabat tələb olunardı.
Politoloq Sədrəddin Soltan “Şərq”ə açıqlamasında ciddi faktları sadalayıb. Ekspert bildirib ki, Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları, Söyüdlü (Zod) və Ağduzdağ və Tutxun qızıl yataqları 22 il Ermənistan və havadarları ilə birlikdə talan edilib:
“1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan başqa, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın “İndian Sterlite Gold Ltd” şirkəti olub. ABŞ-a məxsus “Global Gold Armenian Ltd” şirkəti də bu istiqamətdə ermənilərin əsas həmkarlarından biri idi. ABŞ istehsalı olan yüzlərlə müxtəlif “Caterpillar” maşınları, Almaniyanın “Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı texnikası, o cümlədən traktorlar, Belarusun “MT3-82,3” modelli traktorları, həmçinin digər texnikalar qeyri-qanuni istifadə olunub. İran bankı “Bank-e Mellat”ın Yerevan filialı da 2016-cı ilin aprelində separatçılara böyük məbləğdə maliyyə yardımı göndərmişdi. Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksik tullantıları, eyni zamanda həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması çayda ağır metalların normadan dəfələrlə artıq qeydə alınmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylara nisbətən daha yüksəkdir”.
Analitik qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən və Azərbaycana ziyan vuranlardan biri də Almaniyanın “Cronimet” şirkətidir. Ekspertin sözlərinə görə, bu şirkətin sahibi Almaniya vətəndaşı Hunter Pilarskidir. O, Zəngəzur mis-molibden kombinatının və Yerevan təmiz dəmir zavodunun səhmlərinin bir hissəsinin sahibidir:
“Şirkət 10 ildən çoxdur Ermənistan bazarında fəaliyyət göstərir və Azərbaycan ekologiyasına qarşı terrorda iştirak edir. Onlar 1996-cı ildən Ermənistanda dağ-mədən sektorunda fəaliyyət göstərirlər. 2004-cü ildə Zəngəzur kombinatı özəlləşəndə “Cronimet” müəssisənin səhmlərinin 60 faizinə yiyələnib. Şirkət Afrika və Asiyanın onlarla ölkəsində də fəaliyyət göstərir. Hunter adı Ermənistan tərəfindən satın alınan erməni lobbiçiləri siyahısında var. Bu barədə “The USA Tribune” jurnalında yazı dərc edilib. “Cronimet”in adı Ermənistanın rəhbərləri ilə müxtəlif qalmaqallarda hallanır. Şirkətin gizli sahiblərindən biri də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkəsinin Vatikandakı keçmiş səfiri Mikael Minasyandır. Sarkisyan Hunterlərin yardımı ilə Qarabağı talan edərək milyardlara sahib olub. Başqa sözlə, Almaniyanın bu şirkəti Serj Sarkisyanın qanunsuz varlanmasına dəstək olub, onun törətdiyi cinayət əməllərində iştirak edib. 2018-ci ilin noyabrında Pilarski Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Hökumət başçısı ona və şirkətinə fəaliyyətində uğurlar arzulayıb. Deməli, o, Azərbaycan torpaqlarının çirklənməsində Paşinyanla da əməkdaşlıq edib”.