Azərbaycanın Ermənistana verdiyi vaxt limiti dolub

Moskva da, İrəvan da mesajları alıb, sərhədlərin müəyyənləşməsi sürətlə həyata keçirilməlidir

Azərbaycan Ermənistandakı seçkiləri nəzərə aldığından sərhədlərin müəyyənləşdirilməsi prosesi bir qədər təxirə salınmışdı. Bu həm də Azərbaycanın Ermənistana vaxt və şans tanıması idi. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistandakı parlament seçkiləri öncəsi həssas siyasi vəziyyətə görə sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin reallaşması məsələsində prinsipial gözləmə mövqeyini seçmişdi. İndi isə Azərbaycanın Ermənistan üçün qoyduğu müddət başa çatır. Çünki Ermənistanda parlament seçkiləri də keçirildi, Nikol Paşinyan qalib oldu, indi İrəvan Bakının diktələri ilə hərəkət etməyə məcburdur.

Siyasi şərhçi, jurnalist Aqşin Kərimov vurğulayıb ki, görünür, vəziyyət o qədər təcili və təxirəsalınmaz xarakter alıb ki, hələ yeni hökumət formalaşmamış İrəvan dərhal təmaslara keçib. Analitik qeyd edib ki, Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə hərbçilər önündə çıxış edərkən Bakının qətiyyətli tezisini bir daha təkrarladı. Bu, seçki sonrası Ermənistan hökumətinə bir daha aydın mesaj idi:


“Ölkə rəhbəri İlham Əliyev dedi ki, Ermənistan qonşuları ilə normal münasibət qurmaq istəyirsə, “Dağlıq Qarabağ” sözündən imtina etməlidir. Dövlət başçısının bəyanatı İrəvanla yanaşı, Rusiyaya, Fransaya da ismarıcdır. Axı İrəvanla yanaşı Moskva və Paris də tez-tez eyni, arxaik frazaya müraciət edir. Prezident dəfələrlə münaqişənin bitdiyini deyir, Moskvadan gələn bəzi ikibaşlı bəyanatlar isə situasiyanı mürəkkəbləşdirmək cəhdlərinə xidmət edir. Misal üçün, Rusiya lideri Vladimir Putin düşünür ki, münaqişə dayandırılıb, fikir verirsinizsə, bitib yox, məhz dayandırılıb. Moskvanın bu həmləsi başadüşüləndir. Rusiya həmişə regionda hərbi dayaqlarını bərkitmək üçün müxtəlif vasitələrə əl atıb, diplomatik tonun ahəngi də buna hesablanıb. Bununla belə, Azərbaycanın diplomatiya mexanizmini elə qurub ki, aşırı dominantlıq cəhdləri neytrallaşır, Bakının Ankara ilə gücləndirilmiş “iş rejiminə” keçməsi də burada mühüm rol oynayır. İrəvanın təmaslarına gəlincə, ilk addım Rusiyadan yardım dilənməyə yönəlib, lakin burada Ermənistanın blef etdiyini də görmək lazımdır”. 

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirdiyi ərazilərə Rusiya qoşunlarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirir:

“Onsuz da bu zamana qədər Ermənistanın sərhədlərini Rusiya qoruyurdu. İndi Azərbaycanla sərhədlərin delimitasiyası zamanı və ya bundan sonra Rusiya hərbçilərinin ora gəlişində təəccüblü bir şey yoxdur. Ermənistan hakimiyyəti özünü elə göstərir ki, guya, ölkəsinin sərhədlərini qoruyur, halbuki bu, Rusiyadan asılılıqları artırır. Bundan əvvəl Ermənistan Rusiya sülhməramlılarının əraziyə gəlişi üçün Moskva üçün xoşagələn fikir səsləndirmişdi. Əgər sülhməramlılar sərhədə gələcəksə, bu zaman belə qənaətə gəlmək olar ki, sərhədlərin müəyyənləşməsi zamanı münaqişələr olmayacaq. Bu isə Azərbaycanın xeyrinə sürətli keçidi təmin edən amildir. Sərhədlərin müəyyənləşməsini Rusiya da dəstəkləyir. Təsadüfi deyil ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov açıqlamalarının birində ölkəsinin təşəbbüsü dəstəklədiyini demişdi. Zəngəzur dəhlizinin reallaşması isə sərhədlərin müəyyənləşməsindən keçir, Moskva özü də yeni iqtisadi açılımlarda maraqlıdır. Hələ sərhədlər müəyyənləşməyə yeni başlayanda Gümrüdəki 102-ci bazanın bir qisim şəxsi heyəti Sünikə (Zənzəgur) yerləşdirilmişdi və Azərbaycan bundan sonra prosesi sürətlə həyata keçirə bildi”.

A.Kərimov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev sərhədlərin müəyyənləşməsinin sürətlə həyata keçirilməsi məsələsini Moskvaya və İrəvana çatdırıb, ona görə də Ermənistan tərəfi əl-ayağa düşüb:

“Artıq Ermənistanda Qarabağdan danışan yoxdur, diqqət öz ərazilərinin hayına qalmağa yönəlib. Ölkə rəhbəri İlham Əliyevin də “Dağlıq Qarabağ”la bağlı xatırlatması bir daha Ermənistana verilən ultimatumdur. Rusiya hərbçilərinin sərhədə gəlməsi sərhədlərin müəyyənləşməsinin qarşısını almayacaq. Rusiya hərbçilərinin sərhədə gəlişi Ermənistana qulaqburmasıdır. Hədəf ona hesablanıb ki, İrəvan sərhədlərin delimitasiya və demarkasiyasında problemlər yaratmasın. Sərhəd mübahisələrinin tez bir zamanda həlli əhəmiyyətli dərəcədə vacibdir, çünki sülh sazişinə hazırlıq prosesləri gedir. Sülh sazişi isə Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasında vacib komponentdir”.