Lavrovun Antalya səfəri sübut etdi ki, Türkiyə və Azərbaycansız bölgədə heç bir inkişafa nail olmaq mümkün deyil
Antalya şəhərində Türkiyə və Rusiya Xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun görüşü keçirilib. İki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin təkbətək görüşü bağlı qapılar arxasında baş tutub. Təkbətək görüşdən sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayıb. Nazirlər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. Rusiya və Türkiyə xarici işlər nazirlərinin danışıqlar masasında Cənubi Qafqaz, Yaxın Şərq və Cənubi Afrikada, eləcə də dünyanın bir sıra digər bölgələrindəki vəziyyət də olub. Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətinə də münasibət bildirib.
O, Ərdoğanın Şuşa səfərini təbii qarşıladıqlarını qeyd edib: “Prezident Ərdoğanın Şuşa səfərinə Azərbaycan-Türkiyə arasında ikili münasibətlər çərçivəsində baxmaq lazımdır. Biz Rusiya olaraq bölgədə sülhün təsis edilməsi, ermənilərin və azərbaycanlıların yan-yana yaşaya bilməsi üçün, həmçinin bütün qonşular arasında etimad mühitinin yaranması üçün dəstəyimizi verəcəyik”. Lavrov həmçinin Ərdoğan və Prezident İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifinin Rusiya tərəfində müsbət reaksiya doğurduğunu deyib: “Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat-kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”.
M.Çavuşoğlu da bəyan edib ki, Rusiya ilə ikitərəfli münasibətlərdə ciddi problem yoxdur. O qeyd edib ki, əsas müzakirə mövzusu Qarabağdakı vəziyyət olub.
Türkiyə və Rusiya XİN başçılarının görüşünü “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eskperti Samir Hümbətov deyib ki, mətbuata verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, Cənubi Qafqaz məsələsi tərəflər arasında müzakirə olunmuş ən məhsuldar məsələlərdən biri olub. Analitik nazir Sergev Lavrovun post-müharibə dövründə kommunikasiyalar məsələsinə toxunmasına diqqət çəkib. Onun fikrincə, Lavrovun belə açıqlama verməsi təsadüfi deyil:
“Rusiya XİN başçısı yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinsə əldə edilməsi o qədər də inandırıcı deyil. Həm Ermənistan, həm də Rusiya üçün regionda mövcudluğunu qoruyub saxlamağın yolu iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir. Lavrov açıqlamaları ilə etiraf etmiş oldu ki, Türkiyə Azərbaycan üçün təminatçı ölkədir. Həmçinin, Azərbaycana qarşı hər hansı təzyiq göstərməkdənsə, Türkiyə ilə mehriban münasibət qurub, Türkiyənin vasitəsi ilə Azərbaycandan hansısa məsələdə razılıq almaq məcburiyyətindədirlər. Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Regionda Türkiyə var və Rusiya onunla hesablaşmağa məcburdur. İkincisi, Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz. Üçüncüsü, əgər Rusiya Ermənistanı mövcud durumdan xilas etmək istəyirsə, həm Türkiyə, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması və kommunikasiyaların qurulması sanksiyalar səbəbindən çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də “3+3” formatında təklif edilmiş platforma daha məntiqəuyğundur. Nəhayət, Lavrovun çıxışından belə qənaətə gəlmək olar ki, Rusiya indi daha çox regionda mövqeyini qorumağa çalışır”.