Baş nazir tezliklə yekun sülh sazişinə imza atacaq və danışıqlar masasına oturacaq
Ermənistan mediası son günlərdə Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanacağına az vaxtın qaldığını iddia edirlər. Paşinyanın yeni hökuməti formalaşdırmasından sonra yekun sülh sazişinin imzalanma vaxtını təxmin edən erməni ekspertlər də var. Erməni mətbuatında vurğulanır ki, Azərbaycanla imzalanması planlaşdırılan yekun sülh sazişinin mətni üzərində müzakirələr artıq başlayıb. Hətta Paşinyanın bu ilin sentyabr ayında faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı da deyilir. Amma sülh sazişi ilə bağlı erməni iddialarının nə dərəcədə reallığa söykəndiyini demək çətindir. Düzdür, artıq Ermənistanda seçki prosesi başa çatıb və 10 noyabr üçtərəfli sazişə imza atmış Paşinyanın öhdəliklərə əməl edəcəyi vurğulanır. Lakin yekun sülhün imzalanmasına əngəl yaradan xeyli amillər də var.
Məsələn, sərhədlərin demarkasiya və delimitasiya prosesinin başa çatmaması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə hələ də erməni silahlı dəstələrinin qalması və başqa səbəblər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin yubanacağından xəbər verir. Həm də görünən odur ki, başda Rusiyadakı bəzi dairələr olmaqla, Ermənistanın havadarları da prosesin tezliklə yekunlaşmasında, Cənubi Qafqazda sülh və sabitlik olmasında o qədər maraqlı deyillər. Ancaq istənilən halda Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesi gedəcək. Tərəfləri qane edən yekun sülh müqaviləsinin imzalanması isə 2-3 il də çəkə bilər. Xatırladaq ki, iyunun 12-də Prezident İlham Əliyev xarici dövlətlərin nümayəndələri ilə görüşdə vurğulamışdı ki, rəsmi Bakının Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmaqla bağlı açıq bəyanatları Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Ölkə rəhbəri qeyd etmişdi ki, əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır: “Əgər onlar bunu etməsələr peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Qarabağ münaqişəsinin tamamilə bitməsi və prosesin sona çatması yekunu sülh sazişinə bağlıdır. Partiya təmsilçisinin sözlərinə görə, bu, Nikol Paşinyanın, yaxud hansısa erməni rəhbərinin şəxsi istəyinə, arzusuna bağlı məsələ deyil:
“Əvvəla ortada Azərbaycanın möhtəşəm qələbəsi var. Qələbəni danmaq və görməzdən gəlmək erməni xalqını yenidən böyük itkilərlə nəticələnəcək savaşa cəlb etməkdir. Digər tərəfdən ən mühüm məqam odur ki, bölgədə maraqları və təsiri olan beynəlxalq güclər sülh sazişinin vacibliyini anlayıblar. Buna görə də sülh sazişinin imzalanması, Cənubi Qafqazda sabitliyin olması qaçılmazdır. Paşinyan müharibə reallığından çıxmış dövlət başçısıdır. O, erməni cəmiyyətində mövcud durumdan ən çox xəbərdar olan şəxsdir. Fikrimcə, daxili siyasi problemlərini həll etdikdən sonra hökumət başçısı kimi yekun sülh sazişinə də imza atacaq və danışıqlar masasına oturacaq. Rusiya da sülh müqaviləsində maraqlı olduğunu bəyan edir. Nə qədər yubadılsa da, əvvəl-axır sülh sazişi imzalanmalıdı”.