Qarabağ separatçılarının açıqlamaları daxili auditoriya üçün hesablanıb
Rusiya sülhməramlı kontingenti hələ uzun müddət Qarabağda qalacaq və ermənilərin təhlükəsizliyini təmin edəcək. Bunu Qarabağdakı separatçıların tör-töküntülərindən olan Artak Beqlaryan deyib. Separatçı iddia edib ki, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu 5 illə məhdudlaşmayacaq: “Qərarın necə olacağını zaman, eləcə də böyük güclər öz fəaliyyətləri ilə göstərəcək. Əminəm ki, Rusiya sülhməramlıları uzun müddət qalacaq”.
Xatırladaq ki, iki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryan da iddia etmişdi ki, Rusiya sülhməramlıları 5 illik müddət bitdikdən sonra da Qarabağda qalmağa davam edəcək. Ermənistan rəsmisi vurğulamışdı ki, guya, rusiyalı həmkarları bununla bağlı İrəvana “təminat” veriblər.
Erməni tərəfinin rus sülhməramlıları ilə bağlı iddialarını “Şərq”ə təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib ki, Qarabağ separatçılarının bu cür açıqlamaları daxili auditoriya üçündür. Ekspertin sözlərinə görə, hüquqi baxımdan Azərbaycan vətəndaşı olan ermənilər uzun illər Ermənistandakı mafiyoz qruplaşmalar tərəfindən əsir, ac-yalavac vəziyyətdə saxlanılırdı:
“Erməni tərəfindən rus sülhməramlıları ilə bağlı açıqlamalar Xankəndi və ətraf rayonlarda qalan ermənilər arasında həyəcan və panika xofunu aradan qaldırmağa hesablanıb. Reallığı əks etdirməyən bu açıqlamaların heç bir praktiki əhəmiyyəti yoxdur. Artıq Ermənistan daxilində yaşayanlar da başa düşürlər ki, Azərbaycan böyük qələbəsi Qarabağ problemini birdəfəlik həll edib.
Rusiya dövlət rəhbərliyi, o cümlədən hərbi kontingent və sülhməramlıların komandanı tərəfindən Rusiya sülhməramlı qüvvələrinin Qarabağda 5 ildən artıq müddətdə qalacaqları ilə bağlı hansısa rəsmi açıqlama yoxdur.
Rəsmi bəyanat olmadığı təqdirdə separatçı ermənilərin avantürist açıqlamalar verməsi məntiqsizdir və rassional izahı yoxdur.
İndiki məqamda belə ifadələr səsləndirmək Ermənistan daxilində baş verənlərdən fikri yayındırmaqla yanaşı, həm də İrəvanın nə qədər rəzil durumda olması və Rusiyadan asılılığını göstərir”.