Rusiya sərhədlərin müəyyənləşdirilməsində problem yaratmayacaq


Cümşüd Nuriyev: "İnanmıram ki, Moskva indiki məqamda Azərbaycanla insidentdə maraqlı olsun"

İyulun 6-9-da Bakı şəhərində xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Amir Bilyaletdinovun rəhbərliyi ilə doqquzuncu iclas keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Yaxın günlərdə sərhəd nişanlarının quraşdırılmasına başlanacaq. Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub. Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib. Birgə Komissiyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcək. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə deyib ki, Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının iclaslarının hər iki tərəf üçün faydası var. Politoloqun sözlərinə görə, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiya və delimitasiya prosesində ciddi problemlə qarşılaşmamışıq:

“Yalnız Qusar rayonu ərazisində çay yatağının dəyişməsi ilə bağlı problem var. Əvvəl sərhəd çay yatağı ilə keçirdi, sonra yataq yerini dəyişdi və Azərbaycan tərəfi yerdəyişmə ilə bağlı məsələ qaldırdı. Amma Rusiya buna qarşı çıxmadı. Danışıqlar davam edir. İnanmıram ki, Moskva indiki məqamda Azərbaycanla insidentdə maraqlı olsun. Əslində bizə də Rusiya ilə münasibətləri korlamaq sərf etmir. Bütün hallarda Rusiya bu və ya digər formada Azərbaycan-Ermənistan sərhədinin formalaşmasında müsbət rol oynaya bilər. Təbii, Moskvanın da öz maraqları var. Kreml rəhbərliyi anlamalıdır ki, Azərbaycan şimal qonşusu ilə səmimi tərəfdaşlıq və əməkdaşlıq edir. Bu səmimiyyət pozularsa, Azərbaycan öz iradəsini ortaya qoya biləcək bir dövlətdir. Dəfələrlə bunu sübut edib. Odur ki, Azərbaycanla Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsində hansısa problemlə üzləşəcəyimizi zənn etmirəm. Artıq Xəzər dənizinin hidrogen ehtiyatlarının bölgüsü çox uğurla başa çatıb. Sərhəd məsələsində hansısa qaranlıq məsələ yoxdur”.