“Kimin nə istəməsindən asılı olmayaraq, bölgəmizdə Azərbaycanın dediyi olacaq, gec və ya tez”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.
Analitik bildirib ki, 30 ilə yaxın dünya ictimaiyyəti Azərbaycana qarşı olan terrora göz yumurdu. İşğal altında olan torpaqlarımızın qaytarılmasına heç bir kömək etmirdi, amma nəticə göz önündədir:
“Ermənistana və onların havadarlarına 44 günlük dərs verildi. Haqq öz yerini tapdı, torpaqlarımız işğaldan azad olundu. Ermənistan yaxşı bilir ki, heç bir təxribat Azərbaycanı yolundan döndərə bilməz. Əlbəttə, gözləntilərimiz çoxdur. Hər kəs fikirləşirdi ki, Ermənistan ağlını başına yığıb, sülh üçün müəyyən addımlar atacaq. Bunlar hələki görünmür, amma əminəm ki, Azərbaycanın apardığı siyasət nəticəsində bölgəmizdə davamlı sülh olacaq və ölkəmiz bütün təhdidlərdən qurtulacaq”.
A.İmanov qeyd edib ki, Rusiyanın mövqeyi bəllidir, ancaq Moskva da bölgədə sülh olmasında maraqlıdır:
“Ermənistan rəhbərliyi bir söz deyir, amma başqa addım atır. Kapitulyasiya aktına imza atsa da, əməl etməkdən boyun qaçırır. Bu, müvəqqətidir. Ermənistanın başqa yolu yoxdur. Ölkədə çoxsaylı problemlər var, əhalisi gündən-günə azalır. Ermənistan ciddi krizislə, yanlış siyasətindən doğan problemlərlə üz-üzədir. Əsas problem odur ki, keçən hər gün ermənilərin əleyhinə işləyir, onları uçuruma daha da yaxınlaşdırır. Problemlərin bitməsi üçün yeganə yol Ermənistanın Azərbaycanla sülh bağlaması və regional əməkdaşlıqda maraqlı olmasıdır. Bölgədə dayanıqlı sülh yaranmazsa, Ermənistan yox olacaq və dünya xəritəsindən silinəcək. Buna hansısa müharibə yox, məhz Ermənistanın yanlış siyasəti səbəb olacaq”.