"Səfirlərin Şuşaya getməməsi ATƏT-in Minsk qrupunun kənarda qalmasına edilən etiraz formasıdır"
Xəbər verdiyimiz kimi ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri təşkil olunub. Səfər çərçivəsində diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri öncə Füzulidə beynəlxalq hava limanının tikintisi və yarımstansiya ilə tanış olublar. Sonra Şuşaya səfər edərək Saatlı, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa məscidlərinə, tarixi Şuşa Bəyannaməsinin imzalandığı əraziyə baş çəkiblər. Şəhərin mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllərini ziyarət ediblər. Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Qazançı kilsəsinə baxış keçiriblər. Ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndə Şuşa şəhərinə səfərə qatılıb.
Səfərin təşkil edilməsində əsas məqsəd ilk növbədə diplomatları işğal dövründə Ermənistanın bölgədə apardığı vandalizm aktları ilə tanış etmək idi. Həm də postmüharibə dövründə dövlətin apardığı abadlıq-quruculuq və təmir-bərpa işləri ilə tanışlıq məqsədi güdülürdü. Xarici dövlətlərin bir çox diplomatı az bir zaman kəsiyində görülən yenidənqurma, təmir-bərpa işlərinə heyran qaldıqlarını gizlətmədi. Şuşaya səfəri ilə bağlı sosial mediadakı paylaşımına görə ermənilərin aqressiyası ilə qarşılaşan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tvitterdə belə yazmışdı: “Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu”. Çinin ölkəmizdəki səfiri, xanım Qo Min isə Qarabağa, Şuşaya səfərdən çox məmnun olduğunu qeyd edərək aşağıdakıları söylədi: “Mən çox heyrətləndim. Qısa müddətdə bu qədər nəhəng işlər görülüb. Təəssüratlarım çox zəngindir”.
Ancaq təəssüflər olsun ki, Şuşa şəhərində ermənilərin törətdiyi vandalizm və Azərbaycanın başlatdığı yenidənqurma işləri ilə tanış olan xarici diplomatlar arasında ATƏT-in Minsk qrupunu təmsil edən üç ölkənin səfiri yox idi. Münaqişənin sülh yolu ilə nizamlanmamasının birbaşa məsuliyyətini daşıyan ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya gedərək, Qarabağdakı vəziyyətlə tanış olmağı daha çox istəməli olduqları halda Azərbaycanın təklifini sükutla qarşıladılar. Nəticədə ictimaiyyətin haqlı iradlarına tuş gəldilər. Hərçənd, Azərbaycan ictimaiyyəti Minsk qrupunu təmsil edən 3 səfirin Şuşaya səfər etməməsinə o qədər də təəccüblənmədi. Çünki bu ölkənin Qarabağ məsələsinə baxışı və Ermənistana münasibəti hamıya yaxşı bəllidir.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya gəlməməsi Qarabağdakı proseslərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun kənarda qalmasına edilən etiraz formasıdır. Analitik vurğulayıb ki, hər üç həmsədr dövlətin səfərdən imtina etməsi bununla bağlıdır:
“Fransa müharibədən sonrakı prosesdən narazı olduğunu gizlətmir. Türkiyənin regionda aktivliyinin artması, Şuşa Bəyannaməsinin imzalanması rəsmi Parisi narazı salan əsas amillərdir. Müharibə zamanı ABŞ-ın başı prezident seçkisinə qarışdığına görə Cənubi Qafqazdakı olaylara müdaxilə şansı yox idi. Əslində indiki halda Amerikanın Qarabağ prosesinə nə dərəcədə müdaxilə edəcəyi məsələsinin özü müzakirə mövzusudur. Minsk qrupunun nizamlanma prosesindən uzaqlaşdırılması birbaşa Vaşinqtonu da kənarda qoyur. Rusiya üçün isə məsələ bir qədər fərqlidir. Moskva Qarabağ prosesində birbaşa iştirak edən tərəfdir və bölgədə sülhməramlı qüvvələrini yerləşdirib. Həmçinin, Türkiyə-Rusiya Monitorinq Mərkəzi fonunda Ankara ilə birgə hərəkət edir. Lakin Kremli də narahat edən məqamlar mövcuddur. Türkiyə faktoru, Azərbaycan-Türkiyə-Pakistan İttifaqı və Şuşa Bəyannaməsi, Ankaranın Orta Asiya ölkələri ilə sıx təmas qurması Rusiyada təşviş yaradıb. Moskva da bu cür addımla öz mövqeyini sərgiləyib və “narahatlığını” bəyan edib”.
T.Rzayev bildirib ki, ABŞ, Fransa və Rusiya diplomatlarının Şuşada olması müsbət addım olardı:
“Biz xarici ölkələrə, eyniylə həmsədr dövlətlərə həm də onu başa salmağa çalışırıq ki, Azərbaycan Ermənistana nəzərən regionda daha etibarlı, sərfəli, qazanclı tərəfdaşdır. Məncə, “gəlmirlər, cəhənnəmə gəlməsinlər”, “onların ayağı Şuşaya dəyməsin” tipli populist açıqlamalardan uzaq olmalıyıq. Proseslərə real yanaşmaq lazımdır. ABŞ, Fransa və Rusiya ilə siyasi, iqtisadi əlaqələrimiz var, hər üç ölkəylə əməkdaşlıq edirik və üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İşğaldan azad olunmuş torpaqlarımıza xarici ölkə nümayəndələrinin səfərlərinin təşkil edilməsi bizim üçün faydalıdır. Məqsədimiz odur ki, diplomatlar erməni vəhşiliyini görsünlər və quruculuq işləriylə tanış olsunlar. Əlbəttə, iradımız rəsmi şəkildə çatdırıla bilər, amma ABŞ kimi ölkələrlə əlaqələri korlamaq bizə xeyir gətirməz. Bir daha təkrar edirəm, bu addımı Minsk qrupunun “etiraz aksiyası” kimi dəyərləndirmək lazımdır”.