"Sərhəd məsələsini Qarabağ söhbətinə qatmayın” ifadəsinin məntiqi əsası yoxdur
Son günlər Azərbaycan-Ermənistan sərhədində bir neçə dəfə insident baş verib. Xüsusən, Ermənistan tərəfi Kəlbəcər, Tovuz və Gədəbəy istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutaraq atəşkəsi kobud şəkildə pozublar. Məsələ ondadır ki, Rusiya tərəfi, özü də hər dəfə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diliylə “Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Qarabağ nizamlanması ilə əlaqəsi yoxdur” ifadələrini səsləndirir. M.Zaxarova ən azı üç-dörd dəfə eyni ifadəni təkrar edib, hər sərhəd təxribatında bu cümləni təkrarlayıb: “Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsul olduğu zonada vəziyyət nisbi sabit olaraq qalır.
Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı rayonlarındakı insidentlərin Qarabağ nizamlanması ilə birbaşa əlaqələndirilməsi doğru deyil. Bu insidentlər Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqi formalaşmış sərhədin olmamasının nəticəsidir”. XİN təmsilçisi Rusiyanın sərhəd problemində də tərəflər arasında vasitəçi olmağa, yardım etməyə hazır olduğunu söyləyib: “Məsələnin uzunmüddətli və dayanıqlı həllini Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya prosesinə tezliklə başlanmasında görürük. Biz buna konsultativ yardım etməyə hazırıq”.
Kremlin bəyanatlarını “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov vurğulayıb ki, Rusiya bütün məsələlərdə maraqlarını ön planda saxlayır. Analitikin sözlərinə görə, Moskva öz maraqlarının təmin olunması istiqamətində bütün vasitələrə al atır:
“Hesab etmirəm ki, Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri, Tovuzu, Gədəbəyi atəşə tutması birbaşa İrəvanın öz təşəbbüsüdür. Rusiyanın bu və ya digər formada burada rolu var. Moskvanın vəziyyəti qəsdən və süni şəkildə gərginləşdirməsinin arxasında müəyyən məqsədlər var. Həm də Kreml çalışır ki, özünü Azərbaycan-Ermənistan arasındakı sərhəd problemində vasitəçi göstərsin.
Eyni zamanda Zəngəzur dəhlizinin açılmasının mümkün qədər yubanmasını, proseslərin ləng getməsini istəyir. Çünki regionda qeyri-stabilliyin qalmasında maraqlı deyil. Bütün proseslərə özünü soxmaqla Cənubi Qafqazda varlığını qorumağa çalışır. Amma sözdə başqa şey söyləyib, əməldə tamam fərqli addım atmaqla Rusiyanın bölgədə qalması imkansızdır”.
S.Hümbətov bəyan edib ki, nizamlanma prosesinə ümumilikdə yanaşanda, burada həm Qarabağ məsələsi, həm sərhəd insidentləri, həm də Zəngəzur dəhlizinin olduğu şübhəsizdir: “Bir-biri ilə əlaqəlidir və Azərbaycan-Ermənistan arasında yaşanan proseslərlə bağlıdır. “Sərhəd məsələsini Qarabağ söhbətinə qatmayın” ifadəsinin məntiqi əsası yoxdur. Hazırda Ermənistanla yaşanan bütün gərginliyin təməlində ikili münasibətlərin normal olmaması amili durur. Normallaşma prosesində bir problemi ələ alıb, digərini görməzdən gəlmək qeyri-mümkündür və effektsizdir”.