Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması doğru deyil
“Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi statusunda qatılacağı xəbərləri yayılıb”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Azərbaycan rəsmilərinin məsələyə aydınlıq gətirməsinə ehtiyac var: “Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib? Əgər belə bir müraciət olubsa, bunun hansı zərurətdən yarandığı izah edilməlidir. Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm. KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur.
Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmadı, qarışa da bilməzdi. Çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən Rusiyanı və Ermənistanı çıxmaq şərtilə təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər. Rusiyadan son illər silah və hərbi texnika da almırıq ki, KTMT-nin üstünlüklərindən istifadə edək. Rusiya ərazimizə atılan “İsgəndər M” raketlərinin izahını da vermədi. Bütün bunlar varkən, təşkilata müşahidəçi statusuyla niyə qatılaq ki?”.
Politoloqa görə, Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi” də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diktə edir:
“Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması, sadəcə, Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı?”.